“Tailand və Azərbaycanın ticarət əlaqələrini genişləndirmək üçün potensial var. Ölkələrin kifayət qədər uzunmüddətli diplomatik münasibətləri mövcuddur, yaxın vaxtlarda münasibətlərin 25 illik yubileyi qeyd ediləcək”.
Bunu Tailandın Azərbaycandakı (iqamətgahı Ankara olmaqla) səfiri Tarit Çarunqvat deyib.
Səfir bildirib: “Təəssüf ki, iki ölkə arasında ticarətin səviyyəsi olduqca aşağıdır və illik 120 milyon dollardan bir qədər çoxdur. Tailand Azərbaycana müxtəlif məhsullar təklif edə bilər. Tailand məhsulların, meyvələrin və dəniz məhsullarının çeşidliliyi ilə tanınır”.
Diplomat Tailandın Azərbaycandan neft və qaz tədarükünün genişləndirilməsinə maraqlı olduğunu vurğulayıb: “Səfirlik kimi azərbaycanlı sahibkarların Tailanda səfərini təşkil edə bilərik. Məqsəd tərəflərin bir-birini yaxşı tanıya bilməsidir”.
T.Çarunqvatın sözlərinə görə, Azərbaycana səfəri zamanı Bakıdan Banqkoka aviareyslərin açılması imkanını müzakirə edib: “Bu, əməkdaşlığın möhkəmləndirilməsində vacib element ola bilərdi”.
Diplomat əlavə edib ki, yaxın gələcəkdə Tailand Bakıda daimi diplomatic nümayəndəliyini açacaq.
Səxavət