29 Sentyabr 2015 12:08
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sərkisyan sentyabrın 26-da öz iqamətgahında qondarma "erməni soyqırımı"nın 100 illiyi tədbirlərini koordinasiya edən dövlət komissiyasının 6-cı iclasında sərsəm fikirlər səsləndirib.

Belə ki, işğalçı ölkənin prezidenti işğal altında saxladıqları, bütün dünyanın Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanıdığı və qəbul etdiyi Dağlıq Qarabağı Ermənistan dövlətinin ərazisi adlandırıb. Ermənistan prezidentinin saytında yerləşdirilən məlumata görə, Sərkisyan deyib: "Ermənistan - mən Ermənistan deyəndə isə Dağlıq Qarabağı onun ayrılmaz hissəsi kimi nəzərdə tuturam - planetin ən hərbiləşmiş ərazilərindən biridir".

Qeyd edək ki, Ermənistanın dövlət başçısı bu çıxışı ilə ilk dəfə olaraq həm də işğal faktını etiraf etmiş olub. Məsələ ondadır ki, indiyə qədər Dağlıq Qarabağdakı hadisələr separatçı konflikt, orada yaşayan ermənilərin öz müqəddəratlarını təyin etmək cəhdi isə müstəqil dövlət qurmaq istəkləri kimi qələmə verilirdi. Yəni, bu çıxış Ermənistanın öz rəsmi mövqeyinə də ziddir. Çünki rəsmi İrəvan bir qayda olaraq işğal etdiyi Dağlıq Qarabağı həmişə özündən müəyyən məsafədə saxlayaraq "Dağlıq Qarabağ Respublikası" adlandırırdı. Amma S.Sərkisyan bununla da kifayətlənməyib və Azərbaycanın ünvanına kəskin hədələr də səsləndirib. "Biz bundan sonra da - qisas tədbirləri də daxil olmaqla - elə addımlar atacağıq ki, düşmən öz davranışının həzm olunduğunu düşünməsin", deyə işğalçı ölkənin dövlət başçısı deyib.

Danışıqlara mane olmaq cəhdi

Qeyd edək ki, BMT Baş Məclisinin 70-ci sessiyasının işə başlaması, sessiya çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin ciddi müzakirə olunduğu və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Nyu-Yorkda danışıqlar aparıldığı dövrdə bir tərəfdən də Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyət Ermənistan tərəfindən gərginləşdirilir.

Sözsüz ki, bu da təxribat xarakteri daşıyır. Əvvəlki illərin təcrübəsindən çıxış etsək, deməliyik ki, məqsəd danışıqlar prosesinin irəliləməsinə mane yaratmaqdır. Beynəlxalq humanitar hüquq üzrə öhdəliklərini ciddi şəkildə pozaraq, Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən mülki şəxslərin hədəf seçilməsi davam etdirilir. Ermənistanın son belə təxribatı nəticəsində sentyabrın 23-də Qazax rayonunun Kəmərli kəndinin mülki sakini Dursunova Esmira Aslan qızı yaralanıb. Ermənistan atəş məntəqələrini qəsdən mülki obyektlərin içərisində və yaxınlığında yerləşdirərək və Azərbaycan silahlı qüvvələrinin mövqelərinə atəş açaraq, cavab atəşi ilə öz mülki şəxslərini hədəf obyekti etmək cəhdi kimi qeyri-insani taktika seçib. Terrorçulara xas olan və mülki obyektləri və şəxsləri özünə sipər seçən bu taktika ilk növbədə Ermənistan vətəndaşlarına qarşı hərbi cinayətdir.

"Bu, Ermənistanın əsl simasının növbəti əsaslı sübutudur"

İşğalçı dövlətin birinci şəxsinin açıqlamasına artıq rəsmi Bakı da münasibət bildirib.
"Ermənistan rəhbərliyinin "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir" deyə bəyanatı Ermənistanın Azərbaycan ərazilərini işğalının, təcavüzkar dövlət kimi, münaqişədə Ermənistanın daşıdığı hüquqi-siyasi məsuliyyətin və Ermənistanın əsl simasının növbəti əsaslı sübutudur".

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhində qeyd olunub.

"BMT Baş Assambelyasının 70-ci sessiyası və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli ilə əlaqədar Nyu-Yorkda danışıqların aparıldığı dövrdə Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinin pozulması və ərazilərinin ilhaq edilməsinə dair bu cür məsuliyyətsiz bəyanatı beynəlxalq hüquq, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, danışıqlar prosesi və beynəlxalq ictimaiyyətə qarşı hörmətsizliyin, özbaşınalıq və cəzasızlıq sindromunun ən ifrat nümunəsidir. Bu bəyanat açıq şəkildə beynəlxalq hüquqi və siyasi məsuliyyət ehtiva edir", - deyə H. Hacıyev qeyd edib.

Mətbuat xidməti rəhbəri xatırladıb ki, Ermənistanın münaqişənin həlli prosesində iştirakının yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıdığını, rəsmi Yerevanın hədəfinin Azərbaycan ərazilərinin ilhaqı və işğala əsaslanan mövcud status kvonu saxlamaqdan ibarət olduğunu Azərbaycan tərəfi dəfələrlə bəyan edib və təkzibolunmaz faktlarla sübut edib: "Ermənistanın kriminal hərbi diktatura rejimi işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsi, Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xətti boyunca intensiv şəkildə atəşkəsin pozulması və mülki Azərbaycan əhalisinin hədəfə alınması kimi təxribatçı əməlləri ilə münaqişənin danışıqlar yolu ilə həlli prosesini pozmaq siyasətini davam etdirir".

"Eyni zamanda ümumxalq iğtişaşı və siyasi, iqtisadi və maliyyə böhranı ilə üzləşən Ermənistanın hərbi xunta rejimi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi ilə ölkə ictimaiyyətini xof içərisində saxlamaq və kəskin ölkədaxili problemlərdən diqqəti yayındırmaq kimi məqsədlər güdür", deyə şərhdə vurğulanıb.
H.Hacıyev qeyd edib ki, təəssüflər olsun ki, ikili standartlardan çıxış edərək, münaqişə ilə verilən bir sıra bəyanatlar təcavüzkar dövlət və işğala məruz qalan dövlət arasında fərq qoymur, konkret ünvanlı xarakter daşımır, münaqişənin köklü səbəblərinə varmır, Ermənistanın siyasi rəhbərliyinin avantürist və məsuliyyətsiz siyasətinə beynəlxalq hüquqi qiymət vermir və yalnız simptomatik xarakter daşıyır: "Azərbaycan Respublikası ərazilərinin işğalı ilə heç zaman barışa bilməz. Münaqişə yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir. Əks təqdirdə, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan Respublikasının atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşəcək".

Sərkisyanın bəyanatı Metyu Brayzanı da təəccübləndirib

"Prezident Serj Sərksiyanın Dağlıq Qarabağın Ermənistana məxsus olmasına dair bəyanatı təəccüb doğurmaya bilməz, çünki o, İrəvanın bu məsələ ilə bağlı rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir".
Bunu isə "Vestnik Kavkaza" nəşrinə müsahibəsində ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi Metyu Brayza bildirib.

"Sərksyanın bəyanatı məni təəccübləndirir. Nəzərə alaq ki, bu, Ermənistanın uzun müddət ərzində tutduğu mövqe ilə ziddiyyət təşkil edir. Bu mövqeyə görə, müstəqil "Dağlıq Qarabağ respublikası" mövcuddur, onun "vətəndaşlar"ı öz liderini özü seçir, "o", öz iqtisadiyyat və hüquq sahələrinə özü rəhbərlik edir və Ermənistan nə diplomatik, nə də hüquqi cəhətdən onu tanımır", - deyə ekspert təəccübünü ifadə edib. "Prezident Sərksiyanın nə üçün belə bir bəyanat verdiyini başa düşmək çətindir, məgər Ermənistan hökuməti öz siyasətində kəskin dəyişiklik edib. Lakin siyasətin bu kimi dəyişdirilməsi Dağlıq Qarabağın bir çox sakinləri üçün, xüsusilə də, bu regionun siyasi liderləri üçün dərin məyusluq yarada bilər", - deyə Metyu Brayza bildirib.

"Sərkisyan "DQR"in mif olduğunu etiraf etdi"

"Ermənistan prezidenti Serj Sərkisyan ordusunun itkilərindən çıxış yolunu "mən Ermənistan deyəndə Dağlıq Qarabağı da nəzərdə tuturam" fikrini səsləndirməkdə görüb. Bu ifadə faktiki müharibəyə dəvətdir. Bununla Sərkisyan bir tərəfdən işğal altındakı ərazilərin Ermənistana "məxsusluğunu" iddia edib, digər tərəfdən "Dağlıq Qarabağ Respublikası"nın mif olduğunu etiraf edib". Bunu isə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Politoloq daha sonra deyib: "Bir dəfə Ermənistanın müdafiə naziri dedi ki, "Mingəçevir Su Elektrik Stansiyasını dağıda bilərik". Guya bununla bizi qorxutmaq istəyirdi, cavabında Azərbaycanın Müdafiə naziri dedi ki, biz də müasir raketlərlə Metsamor Atom Elektirk Stansiyasının altını üstünə çevirə bilərik. Bununla İrəvan susdu. İndi də Sərkisyana elə tutarlı cavab verilməlidir ki, yerini bilsin. Bundan başqa münaqişənin həlli ilə məşğul olan ATƏT-ə təcili müraciət edilməlidir. Onlar aydınlaşdırsınlar ki, Sərkisyan nə demək istəyib?"

"Bu, Ermənistanın özünü təkzibidir"

Politoloq Natiq Mirinin fikrincə, Serj Sərkisyanın çıxışının arxasında iki əsas səbəb dayanır. Onun sözlərinə görə, bunlardan biri Azərbaycan ordusunun növbəti zərbəsindən sonra ictimai rəyi sakitləşdirməyə xidmət edən, daha radikal deyilmiş, heç bir hüquqi əsas tanımayan bir fikirdir: "Yəni, özünə heç bir hesabat verilməyən, sadəcə daxili auditoriyaya, ictimai rəyi sakitləşdirməyə hesablanan bir fikirdir. İkinci bir səbəb isə düşünürəm ki, bunun arxasında dayanan konkret xarici faktordur. Yəni, bu fikir konkret xarici bir güc mərkəzinin sifarişi ilə ortalığa atılmış bir fikirdir. Çünki heç bir hüquqi əsas tanımayan bu fikir əslində Ermənistanın özünü təkzibidir. Özünün indiyədək apardığı siyasətə, verdiyi açıqlamalara ziddir. İllərdir Ermənistan parlamentində təmsil olunan müxalifət Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınmasını, yaxud ilhaqının rəsmiləşdirilməsini tələb edir. Bunun parlamentdə qarşısını alan yeganə gec hakim Respublika Partiyası idi. Maraqlıdır, indiki şəraitdə birdən-birə nə dəyişdi ki, müxalifətin illərdir etdiyi çağırışı qulaqardına vuran hakimiyyət onun istəyini bir açıqlama ilə həyata keçirir?! Başqa sözlə, Sərkisyan 20 illik siyasətin üstündən niyə birdən-birə xətt çəkdi? Demək, burada xarici qüvvə faktoru var".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər