29 Sentyabr 2015 15:41
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir: “ATƏT DTİHB-nin seçki metodologiyası ciddi surətdə yenidən nəzərdən keçirilməlidir”

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 70-ci sessiyasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov dünən də bir sıra görüşlər keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir ilk olaraq Gürcüstan baş nazirinin müavini, ölkənin xarici işlər naziri Georgi Kvirikaşvilli ilə görüşüb.

Görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında əlaqələrin hərtərəfli inkişafının məmnunluq doğurduğunu qeyd ediblər. Dost və qonşu dövlət kimi Azərbaycan və Gürcüstan arasında olan qarşılıqlı faydalı əməkdaşlığın bütün region üçün nümunə olduğu bildirilib. Tərəflər birgə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrinin regional əməkdaşlığa, inkişaf və firavanlığa xidmət etdiyini qeyd edərək, bu layihələrin regionun nəqliyyat və enerji mənzərəsini əsaslı şəkildə dəyişdiyini vurğulayıblar. Nazirlər tezliklə fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin yük daşımalarının artmasına, ticari-iqtisadi əlaqələrin və insanlararası təmasların inkişafına xidmət edəcəyinə əminliklərini ifadə ediblər.

Gürcüstanlı həmkarını Azərbaycana səfərə dəvət edən E.Məmmədyarov belə səfərlərin iki ölkə arasında əlaqələrin gələcək istiqamətlərinin və birgə əməkdaşlıq gündəliyinin müəyyən edilməsi üçün əlverişli imkanlar yaratdığını bildirib.

Gürcüstanlı nazir dəvəti məmnuniyyətlə qəbul edib və Azərbaycan üçün əhəmiyyətli bütün məsələlərdə Gürcüstanın daim dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

E.Məmmədyarov Ermənistan tərəfindən atəşkəs rejiminin intensiv şəkildə pozulması, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistanın təxribatçı əməlləri, münaqişənin həlli üzrə danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi haqqında məlumat verərək, bu münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğunu vurğulayıb.

Frank-Valter Ştaynmayerlə görüş

E.Məmmədyarovun növbəti görüşü Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayerlə keçirilib. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyətlə bağlı həmkarına məlumat verən E.Məmmədyarov Ermənistanın əsl məqsədinin müxtəlif təxribatçı əməllərlə danışıqlar prosesinə xələl gətirmək və işğal və təcavüzə əsaslanan mövcud status kvonu davam etdirmək olduğunu vurğulayıb. Nazir bildirib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktına son qoyulmalı, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunmalıdır. XİN başçısı işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaq əvəzinə Ermənistanın bu ilhaqçı siyasətinin münaqişənin həllində başlıca maneə olduğunu və regional sülh və təhlükəsizlik üçün təhdid yaratdığını nəzərə çatdırıb. O, münaqişənin həlli prosesində ATƏT-in Minsk Qrupunun bütün üzvlərinin fəallıq göstərməsinin və yaxından iştirak etməsinin vacibliyini qeyd edib.

Nazirlər növbəti il ATƏT-in fəaliyyətdə olan sədri statusunda Almaniyanın sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi aparıblar. Almaniya xarici işlər naziri ATƏT-dən daha çox gözləntlərinin olduğunu qeyd edərək, təşkilatın modernləşdirilməsi kimi məsələlərin prioritet sahə kimi gündəliklərində olacağını nəzərə çatdırıb.

E.Məmmədyarov ATƏT və onun strukturlarının, o cümlədən Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi ehtiyacın olduğunu vurğulayıb. O, ATƏT DTİHB-in Azərbaycanda keçiriləcək seçkilərlə əlaqədar bəyanatının DTİHB-in mandatına zidd olduğunu qeyd edərək, DTİHB-in tətbiq etdiyi seçki metodologiyasının ciddi surətdə yenidən nəzərdən keçirilməli olduğunu bildirib.

Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi qətnaməsinə toxunan E.Məmmədyarov əsassız və qərəzli olan bu qətnamə ilə Avropa Palamentində olan bəzi qüvvələrin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə zərbə vurduqlarını diqqətə çatdırıb.

Görüş əsnasında Suriya böhranı və onun doğurduğu fəsadlar, beynəlxlaq terrorçu şəbəkələrə qoşulan əcnəbi döyüşçülər və miqrant problemi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Sülhməramlı əməliyyatlar beynəlxalq təhlükəsizlik üçün kifayət etmir”

E.Məmmədyarov dünən, həmçinin Sülhməramlılar Sammitində çıxış edib. Nazir BMT-nin sülhməramlı fəaliyyətinin dəstəklənməsini nəzərdə tutan bu siyasi proses təşəbbüsünə görə, BMT Baş katibi və Amerika Birləşmiş Ştatları hökumətinə Azərbaycan Respublikası adından təşəkkür edib. Qeyd edib ki, yalnız son on ildə BMT sülhməramlı əməliyyatlarının şəxsi heyətinin ölçüsünün artması və mandatının önəmli dərəcədə şaxələndirilməsi beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərin miqyasının genişlənməsinə dəlalət edir. Onun sözlərinə görə, digər tərəfdən, bu, BMT-nin mərkəzi təşkilat kimi qlobal sülh və təhlükəsizliyin saxlanılmasında beynəlxalq səylərin reallaşdırılması baxımından üzv dövlətlərin etimadını təsdiq edir: “Lakin beynəlxalq sülh və təhlükəsizliyə nail olunması üçün yalnız sülhməramlı əməliyyatlar kifayət etmir. Sülhməramlı əməliyyatlar adətən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması hallarında mövcud problemə münasibətə bir cavabdır. Sülhməramlı əməliyyatların əhəmiyyətini və töhfələrini kiçiltmədən, biz daim xatırlamalıyıq ki, sülh və təhlükəsizliyin bərpası və qorunması üçün dövlətlər tərəfindən beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin, xüsusilə də dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərinə əməl etməsinin təmin olunması ilkin və öncül tələbdir”.

E.Məmmədyarov bildirib ki, Azərbaycan BMT-nin sülhməramlı əməliyyatlarını beynəlxalq sülh və təhlükəsizliyin saxlanılmasında önəmli mexanizmlərdən biri kimi dəstəkləyir: “Qonşu Ermənistan tərəfindən hərbi təcavüz, işğal və etnik təmizləməyə məruz qalmış və digər münaqişələrin qonşuluğunda yerləşən bir dövlət kimi Azərbaycan beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri əsasında regionda və onun hüdudlarından kənarda davamlı sülh və təhlükəsizliyin yaradılmasına sadiqdir. 1999-cu ildən Azərbaycan Kosovo, Əfqanıstan və İraqdakı sülhməramlı missiyaların hərbi heyətinə nəzərəçarpacaq dərəcədə töhfə verib. Hazırda, Azərbaycan NATO tərəfindən Əfqanıstanda həyata keçirilən “Qəti dəstək” əməliyyatında iştirak edir. Biz, Azərbaycanda təlim təchizi təminatı da daxil olmaqla, BMT-nin sülhməramlı fəaliyyətlərini dəstəkləməkdə davam edəcəyik”.

“Azərbaycan region üçün mühüm İKT mərkəzinə çevrilib”

Bundan əlavə, E.Məmmədyarov “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin qlobal imkanlara cəlb edilməsi”nə dair yüksək səviyyəli forumda da çıxış edib.

Nazir bildirib ki, dənizə çıxışı olmayan ölkə kimi Azərbaycan davamlı və hərtərəfli inkişafa nail olmaq və iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək üçün dünya iqtisadiyyatına inteqrasiyaya hər zaman mühüm siyasi seçim kimi baxıb. O qeyd edib ki, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) statistik göstəricilərinə əsasən, Azərbaycanın dənizə çıxışı olmayan ölkə olaraq inkişaf dəyəri 11,24 faizə bərabərdir: “Azərbaycan uzunmüddətli iqtisadi davamlılıq məqsədlərinin uğurla həyata keçirilməsi baxımından strateji istiqamət kimi dənizə çıxışı olmayan İEOÖ üçün Vyana Fəaliyyət Proqramını alqışlayır. Biz inanırıq ki, proqramın həyata keçirilməsini təşviq etmək üçün iştirakçı dövlətlərin birgə fəaliyyəti dənizə çıxışı olmamaq probleminin qarşılıqlı faydalı əməkdaşlıq imkanlarına çevrilməsinə yardım edəcək. Ötən bir neçə il ərzində, Azərbaycan informasiya və kommunikasiya texnologiyaları (İKT), nəqliyyat və enerji sahələrində regionun inkişaf səylərini qarşılamaq üçün regionun böyük potensialının aşkar edilməsinə töhfə vermiş bir sıra önəmli təşəbbüslə çıxış edib. UNESCAP-a əsasən, Azərbaycan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında ən güclü trans-sərhəd bağlantıya və yüksək inkişaf etmiş İKT sektoruna malikdir. Nəticə etibarilə Azərbaycan xüsusilə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin həyata keçirilməsi ilə region üçün mühüm İKT mərkəzinə çevrilib. TASİM həm Avrasiya boyunca genişzolaqlı bağlantının yaradılması, İKT infrastrukturunun inkişafı və elektron ticarətin təşviq edilməsinə dəstək olacaq, həm də rəqəmsal uçurumun region hüdudlarından kənarda aradan qaldırılmasına töhfə verməkdə davam edəcək”.

Tarixi Böyük İpək Yolunun bərpasının Avropa və Asiya arasında iqtisadi əlaqələrin gücləndirilməsində strateji rola malik olduğunu deyən nazir qeyd edib ki, Azərbaycanın müasir nəqliyyat-tranzit infrastrukturu tərəfdaşları üçün sərnişin və yüklərin beynəlxalq daşınması üçün daha etibarlı, davamlı və iqtisadi baxımdan səmərəli marşrutla təmin etmək və multimodal nəqliyyatın həcmini artırmaqla regionlararası və regiondaxili ticarətin genişləndirilməsinə müstəsna şərait yaradır. Onun sözlərinə görə, Azərbaycan qonşu Türkiyə və Gürcüstanla birgə tərəfdaşlıq çərçivəsində Avropa və Asiya arasında ən qısa nəqliyyat bağlantısı olan Bakı-Tiflis-Qars dəmir yolunu dəstəkləyib və maliyyələşdirir, habelə yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanını uğurla istismara verib. Nazir onu da vurğulayıb ki, Azərbaycanın bu yaxınlarda Dəmir yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilata qoşulması Asiya və Avropa arasında sərnişin və yüklərin dəmir yolu ilə beynəlxalq daşınması üçün vahid çərçivə yaradacaq. Azərbaycanın regional enerji təhlükəsizliyinə töhfəsi baxışının əsas təməlini təşkil etdiyini deyən E. Məmmədyarov qeyd edib ki, Azərbaycan trans-regional əhəmiyyətə malik bir sıra enerji layihələrinin təşəbbüsündə öz liderliyini nümayiş etdirib. “Azərbaycan tərəfindən irəli sürülən layihələr regionda sosial-iqtisadi tərəqqiyə təkan verib və həmçinin ölkə sərhədlərindən kənara yayılmasına müsbət təsir göstərib. Bu baxımdan, Cənubi Qaz Dəhlizinin təşəbbüskarı kimi biz Avropanın enerji təhlükəsizliyinə töhfənin həm regionun digər enerji istehsalçıları, həm də istehlakçı və tranzit ölkələr üçün qarşılıqlı faydalı olduğuna inanırıq. Mən ölkəmin regional əməkdaşlıqdan tam olaraq faydalanmasına mane olan mühüm problemi qeyd etməyə bilmərəm. Bu çağırış beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozmaqla Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən çoxsaylı insan itkiləri ilə nəticələnən, yüz minlərlə mülki şəxsi öz evlərini tərk etməyə məcbur edən, ölkə infrastrukturunun xeyli hissəsini məhv edən və ciddi iqtisadi çətinliklər yaratmaqda davam edən işğalı ilə bağlıdır. Mən yekunda bildirmək istərdim ki, Azərbaycan regionun sosial-iqtisadi tərəqqisinə bundan sonra da töhfə verməklə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr çərçivəsində konstruktiv dialoq və əməkdaşlığa açıqdır”.

Səxavət HƏMİD


Müəllif: