30 Sentyabr 2015 15:41
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Kərimlinin səsverməsi lağa qoyulur

Əli Kərimlinin gizli səsvermə olmadan yenidən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri seçilməsi ciddi müzakirələrə səbəb olub. Seçkilərdə opponenti olan Sahib Kərimlinin qurultay gününə qədər inadla mübarizə aparsa da, son anda namizədliyini geri götürməsi müəyyən şübhələrə yol açıb. O, səsvermənin gizli olmamasını əsas gətirərək bu addımı atdığını bəyan etsə də, sonradan heç bir suala cavab verməməsi və sosial şəbəkədə “Bu gündən müzakirələri birtərəfli qaydada dayandırıram” mesajı şübhələri daha da dərinləşdirib.

Gizli səsverməni demokratiyanın əlifbası sayan S.Kərimliyə açıq səsvermənin partiya nizamnaməsinə uyğun olduğu bildirilib. Deyilib ki, nizamnaməyə görə seçkilər açıq, ya da gizli səsvermə ilə keçirilir. Qurultay nümayəndələri səsvermənin açıq və ya gizli olmasına qərar verir.

Bəs, illərdir AXCP-nin rəhbər orqanlarında təmsil olunan Sahib Kərimli nizamnamədən xəbərsiz idimi? Nizamnaməni bilən şəxs səsvermənin böyük ehtimalla açıq keçiriləcəyini bilə-bilə sədr seçkisinə niyə gedirdi? Başqa rəqib olmadığı üçün o, yalnız Əli Kərimlinin xeyrinə namizədliyini geri götürəcəyini bilirdi. Sahib Kərimli idarəçiliyi ilə razılaşmadığı bir şəxsin xeyrinə niyə sədrlikdən imtina etdi? Bütün bu suallar isə açıq qalır. Çünki Sahib Kərimli özünə “danışmaq” qadağası qoyub.

AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi (EQTK) isə hesab edir ki, Sahib Kərimli Əli Kərimlinin planı üzrə hərəkət edib. Onların fikrincə, məhz Əli Kərimlinin təklifi ilə seçkiöncəsi demokratik mühit yaratmaq məqsədilə belə bir addım atılıb.

Bu arada sözügedən müzakirə fonunda maraqlı yanaşmalar da irəli sürülür. Bir vaxtlar AXCP ilə dostluq münasibətində olan Müsavat Partiyasının funksionerləri AXCP qurultayını kəskin tənqid hədəfinə çeviriblər.

Müsavat Qadınlar Birliyinin sədri Alya Yaqublu sosial şəbəkələrdə yazıb: “Nə əcəb Eyfel qülləsinin yanında şəkil çəkdirən cəbhəçilər Əli Kərimlinin açıq səsverməylə sədr seçilməsinə etiraz eləmədilər? Axı fransızlar səsvermənin gizli olmasına 1795-ci ildə qərar veriblər. 210 il əvvəl!”

Onun bu paylaşımına reaksiya verən Əhrar Partiyasının sədri, Müsavat başqanının qardaşı Vaqif Hacıbəyli bu situasiya ilə bağlı politoloq Hikmət Hacızadənin şərhinə ehtiyac duyulduğunu qeyd edib: “Məni cəbhəçilərdən daha çox, demokratiyamızın ”atası" Hikmət Hacızadənin bu məsələyə münasibəti maraqlandırır".

Hikmət Hacızadə isə gözlənilənlərin əksinə cəbhəçiləri təbrik edib.

Yada salaq ki, ötən ilin sentyabrın 27-də Müsavat Partiyasının keçirdiyi qurultay barədə ilkin açıqlamasında H.Hacızadə onun demokratik keçirildiyini desə də, sonradan fikrindən döndü və indiki başqan Arif Hacılının rəqibi başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun cərgəsində yer aldı. O, hazırda Q.İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah hərəkatının təmsilçiləri ilə sıx əlaqədədir. Hətta H.Hacızadə qurultayın qərarına etiraz olaraq Müsavatdan istefa verdiyini bəyan edib. Bu səbəbdən AXCP-nin qurultayının demokratik keçirilib-keçirilməməsi ilə bağlı müzakirələrdə də kinayə ilə H.Hacızadədən mövqe nümayiş etdirməsi istənilir.

KƏMALƏ


Müəllif:

Oxşar xəbərlər