Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin istefasından sonra təşkilatda boşluq davam edir. Əldə etdiyimiz məlumata görə, artıq Yusif Bağırzadə istefa ərizəsini partiyanın rəsmi strukturlarına təqdim edib. İstefa ərizəsinin sabah keçiriləcək Siyasi Şuranın toplantısında müzakirə olunacağı gözlənilir. AMİP funksioneri Əli Orucov bu faktı təsdiq edib.
O da bəlli olub ki, Yusif Bağırzadənin istefasından sonra partiya rəhbərliyi onunla hər hansı bir əlaqə saxlaya bilməyib. Bağırzadənin ölkədə və ya ölkə xaricində olması da məlum deyil. Məlum olan yalnız istefa faktıdır. Bununla belə, istefasına görə heç kim Y.Bağırzadəyə qarşı tənqid səsləndirmir.
Çünki məhz Bağırzadənin sədrliyi dövründə AMİP daxilində stabillik möhkəmlənib, partiyanın xarici əlaqələri güclənib, yerli strukturlar və mərkəzi aparat işlək hala gətirilib. Digər məlumata görə, AMİP sədrinin istefasından sonra partiyanın lideri Etibar Məmmədov mərkəzi qərargaha gəlməyib. AMİP-in təşkilat şöbəsinin müdiri Nazim Ələsgərov bildirib ki, partiyadakı real vəziyyətlə bağlı AMİP liderinə məlumat verilib və Məmmədovla təmaslar mövcuddur. Hazırda AMİP-in yeni sədrinin kim olacağı ən çox müzakirə edilən məsələlərdəndir. Ancaq bunun üçün qurultay keçirilməlidir. Qurultayın isə yaxın 3 ay müddətində keçirilməsi gözlənilir.
Adnan Novruzov - “Gündəlik Teleqraf” AMİP-in yeni sədrinin kim ola biləcəyi haqqında müəyyən araşdırmalar aparıb. Ən real namizədlər sırasında Adnan Novruzovun adı hallandırılır. Adnan Novruzov AMİP yaranan gündən partiyada təmsil olunur və Məmmədovun əsas adamlarından hesab olunur.
Fuad Muxtarov - Bundan başqa, Fuad Muxtarov da AMİP sədri postuna gətirilə bilər. Muxtarov uzun illər Məmmədovla xarici səfərlərdə iştirak edib, bir neçə xarici dil bilir və hazırda xarici şirkətlərdən birində mütəxəssis kimi işləyir.
Ayaz Rüstəmov - AMİP-in sabiq sədri Ayaz Rüstəmov da hazırda partiya strukturlarında təmsil olunur və onun da sədr olmaq şansları mövcuddur.
Arzuxan Əlizadə - Hazırda AMİP-in baş katibi postunda olan Arzuxan Əlizadə də sədrliyə gətirilə bilər. Ancaq bəllidir ki, AMİP sədri postunda oturacaq şəxsin həm də maliyyə imkanları bir qədər geniş olmalıdır. Əks təqdirdə partiyanı irəli aparmaq mümkün olmayacaq.
Partiyanın baş katibi Arzuxan Əlizadə artıq müəyyən açıqlamalar verib. Baş katib deyib ki, AMİP-in yeni sədri partiyanın üzvləri arasından seçiləcək. Onun fikrincə, AMİP sədrliyinə həm Mərkəzi Şurada, həm də Siyasi Şuranın üzvləri arasında kifayət qədər şansı olan şəxslər var: “Partiya daxilində sədrliyə kifayət qədər layiqli namizəd var. Yusif Bağırzadə sədr seçilməzdən əvvəl bir ilə yaxın partiyanın beynəlxalq məsələlər üzrə katibi olub. Ondan sonra sədrliyə namizədliyini irəli sürdü. Ona görə də yeni sədr partiya üzvlərinin arasından seçiləcək. Qurultayın gününün müəyyən edilməsi barədə qərar çıxarılandan sonra sədr vəzifəsinə iddialı şəxslərin namizədliklərinin Siyasi Şuraya təqdim olunması ilə bağlı müraciətləri dinləyəcəyik. Bundan sonra onlar namizədliklərini irəli sürə və təbliğat kampaniyasına başlaya bilərlər”.
Arzuxan Əlizadə qurultayda sədrliyə namizədliyini irəli sürəcəyini istisna etməyib: “Partiya üzvlərinin hər birinin sədr olmaq iddiası olmalıdır. Ancaq müəyyən siyasi reallıqlar nəzərə alınmalıdır. Bu ağır yükü daşımaq məsuliyyəti var. Ona görə də bu barədə hələ düşünməmişəm”
Etibar Məmmədov yenidən sədr ola bilərmi?
Partiyanın Siyasi Şurasının üzvü Əli Orucov isə deyib ki, partiyanın nizamnaməsinə əsasən AMİP Mərkəzi Şurasını Siyasi Şura çağırır: “Partiyanın Siyasi Şurasının iclası isə 10 oktyabra təyin edilib. Mərkəzi Şuranın çağırılması haqda qərar veriləcəksə, bunu Siyasi Şura verəcək. Qurultaya qədər isə sədri partiyanın baş katibi əvəzləyəcək. İndiki halda bu səlahiyyətlər Arzuxan Əlizadəyə məxsusdur”.
Əli Orucov AMİP lideri Etibar Məmmədovun partiya sədrliyinə qayıtması məsələsini də şərh edib: “Təbii ki, Etibar Məmmədov Azərbaycanda tək-tək siyasətçilərdən biridir ki, həm ölkə daxilində, həm xaricdə kifayət qədər tanınır, böyük nüfuza və imicə malikdir, xarizmatik liderdir. Yəni, onun partiyadan gedişindən sonra müəyyən problemlərin yaşanması normal haldır. Lakin Etibar Məmmədov bir yenilik elədi, gənclərə öz yerini verdi. Həm də gənc siyasətçilərin yetişməsi üçün bir cığır açdı. Bununla həm də istefa mədəniyyətinin əsası qoyuldu. Etibar Məmmədovun yenidən sədrliyə gəlməsi məsələsi isə aktual deyil”.
CAVİDAN