10 Oktyabr 2015 11:13
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əli Kərimli və ətrafı onları da "satqın" elan edəcək"

Narazı cəbhəçilərin toplaşdığı AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi daha yeddi rayonda təşkilatlanıb. Sabunçu, Qobustan, Gədəbəy, Füzuli, Zəngilan, Əsgəran və Xocalı rayonlarında AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin şöbələri yaradılıb. Keçirilən konfranslarda rayon cəbhəçiləri alternativ AXCP-yə qoşulduqlarını bəyan ediblər.

Gədəbəydə Rüfət Cəfərov sədr, Elfaq Mehdiyev Ali Məclis üzvü, Xocalıda Zamin Məhərrəmli sədr, İbrahim İbrahimli Ali Məclis üzvü seçilib.

Füzuli şöbəsinə sədrlik Acay İsmayılova etimad edilib. Bifuz İsmayılov isə rayonu Ali Məclisdə təmsil edəcək. Cəbhəçilərin qərarına əsasən Qobustanda rayon şöbəsinə Əflatun Əbilov sədrlik edəcək. Əmrah Hümbətov bu rayondan Ali Məclis üzvü seçilib. Sabunçuda müvafiq olaraq bu vəzifələr İsmayıl Əliyev və Anar Orucova həvalə olunub. AXCP-nin Əsgəran rayon şöbəsinin sədri Rizvan Ağayev, Ali Məclis üzvü isə Sudafir Vəliyev olub. Zəngilanda keçirilən səsvermədə rayon cəbhəçiləri Eldayaq Məmmədovu sədr, Vahid Nəbiyevi isə Ali Məclisə üzv seçiliblər.

Bu arada AXCP EQTK İdarə Heyətinin üzvü Fəxrim Abduləzimov 18 oktyabrda keçirəcəkləri qurultayla bağlı danışıb. Bildirib ki, AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin rayon şöbə sədrləri və Ali Məclis üzvlərinin iştirakı ilə keçirdiyi konfrans bir sıra mesajlarla yadda qalıb. Diqqət çəkən məsələlərdən biri də narazıların "biz AXCP adından heç vaxt imtina etməyəcəyik" fikri olub.

"AXCP hər zaman bizim olub"

Fəxrim Abduləzimov qeyd edib ki, cəbhəçilərin yüksək fəallığı ilə keçirilən konfransda səslənən əsas fikirlərdən biri AXCP-nin rəsmi təmsilçiliyi ilə bağlı olub: "Biz AXCP adından imtina etməyəcəyik. Partiyanın adını dəyişmək fikrimiz yoxdur. Yeni partiya yaratmaq fikrində deyilik. AXCP EQTK-nin keçirdiyi müşavirə bir daha sübut etdi ki, əsl cəbhəçilər məhz burada birləşib".

F.Abduləzimov deyib ki, AXCP EQTK-nin 18 oktyabrda keçiriləcək qurultayı sübut edəcək ki, əsl AXCP kimdir: "Ümid edirəm ki, Ədliyyə Nazirliyi ədalətli qərar qəbul edəcək. AXCP hər zaman bizim olub və yenə də rəsmi şəkildə bizim olacaq".

Qeyd edək ki, narazı cəbhəçilər hazırda həbsdə olan AXCP İdarə Heyətinin üzvü Seymur Həzinin onlarla birlikdə olduğunu düşünür. Məhz bu səbəbdən sonuncu müşavirədə Seymur Həzi müdafiə olunub.
AXCP EQTK İdarə Heyətinin üzvü Ehtiram Mehtiyev hesab edib ki, Seymur Həzi və Asif Yusifli yanlış siyasətin qurbanı olublar: "Bizimlə eyni fikirdə olan əqidə yoldaşlarımız - məhbus həyatı yaşayan Seymur Həzi və Asif Yusifli Əli Kərimlinin yanlış siyasətinin qurbanlarıdır. Seymur Həzinin həbsini birmənalı olaraq AXCP-nin daxilində gedən proseslərin nəticəsi hesab edirəm. Həmin ərəfədə mən də Seymur Həzinin yanında idim, sadəcə, bir neçə mərhələdə iştirak etmədim, ona görə də Əli Kərimlinin qurbanlarından birinə çevrilmədim. Biz partiyada gəncləşmə siyasəti aparırdıq, Seymur Həzi də öndə olan simalardan biri idi və Əli Kərimli onun oyundan çıxardı. Seymur Həzi görür ki, Əli Kərimlinin atdığı addım 20 ildən çoxdur ki, heç bir nəticə vermir. Əli Kərimli yalnız öz şəxsi maraqlarına xidmət edən siyasət aparır".

Ehtiram Mehtiyev deyib ki, Seymur Həzi və Asif Yusifli bu anda AXCP EQTK-ni dəstəkləsələr, Əli Kərimli və ətrafı onları "satqın" elan edəcək: "Deyəcəklər ki, əfv ərizəsi yazıb çıxıblar. Ancaq bunu da qeyd edim ki, bu gün Əli Kərimlinin və ətrafının qəhrəman elan etdikləri insanların bir çoxu əfv ərizəsi yazıb azadlığa çıxan insanlardır".

CAVİDAN


Müəllif: