Aprel ayının 7-9 tarixlərində “altılıq” ölkələri (Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa) ilə İran arasında rəsmi Tehranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. Tərəflər növbəti görüşdə bu məsələ ilə bağlı yekun sənədin mətni üzərində işləmək barədə razılığa gəliblər. Qərbdə bu, İranın öz israrlı mövqeyindən geri çəkilməsi kimi qiymətləndirilir. İran məsələləri üzrə ekspert Sədrəddin Soltan Teleqraf.com-a açıqlamasında İranın mövqeyində baş verən dəyişikliyin səbəbini açıqlayıb.
Ekspert bildirib ki, son 6 ay ərzində İranla “altılıq” ölkələri arasında uranın zənginləşdirilməsinin 20 faiz səviyyəsində saxlanılması və onun azaldılması istiqamətində danışıqlar gedir. Bunun qarşılığında isə İranın xarici banklarda dondurulan aktivlərinın qaytarılması, eləcə də bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların yumşaldılması vəd olunub: “Son bir neçə ayda bu istiqamətdə qarşılıqlı anlaşmalar əldə olunub. Bu ilin yanvar ayında İranın dondurulan əmanətlərindən 4,2 milyard bu ölkəyə qaytarılıb. Dünən isə ABŞ hökuməti bəyan etdi ki, İranın dondurulan vəsaitlərindən daha 450 milyon dolları bərpa olunaraq bu ölkəyə qaytarılacaq. İranın Mülkü Aviasiya sahəsinə də tətbiq olunan sanksiyaların da yumşaldılmaslna başlanılıb. Belə ki, artıq təyyarələrin ehtiyat hissələri də ölkəyə gətirilməyə başlayıb. Bu yaxınlarda İran prezidenti Həsən Ruhani də elan edib ki, yaxın 6 ay ərzində İranın Atom Nüvə proqramı ilə bağlı yekun sənəd imzalana bilər. Bu istiqamətdə danışıqlar gedir. Bütün bunlar nüvə proqramı sahəsində İranın Qərblə anlaşmağa başlamasının göstəricisidir”.
Danışıqların pozulması ehtimalı barədə danışan ekspert bildirib ki, bu proses yalnız İran hakimiyyətinin nüvə proqramı ilə bağlı şəffaflığa əməl etməməsi və uranın zənginləşdirilməsini davam etdirməsi nəticəsində baş verə bilər. Bu zaman İran hakimiyyətinə qarşı yenidən sanksiyalar tətbiq olunacaq: “ABŞ dövlət katibi Con Kerri bu yaxınlarda qeyd etdi ki, İrana qarşı tətbiq olunan sanksiyaların yalnız cüzi bir hissəsi aradan qaldırılıb və İran öhdəsinə götürdüyü vədləri yerinə yetirdikdən sonra bu sanksiyalar tam olaraq ləğv ediləcək. Əminliklə demək olar ki, perspektivdə bu danışıqlar İranın bölgədəki rolu ilə də bağlı olacaq”.
Eldar