17 Oktyabr 2015 08:35
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rafiq Manaflı: “Unudurlar ki, türk dünyasını ürəyindən vuran Əkrəm Əylisli Müsavat Divanının üzvü olub”

Müsavat Partiyası ilə Milli Şura arasında qarşıdurma açıq müstəviyə keçib. Belə ki, Müsavatın icra aparatının rəhbəri Gülağa Aslanlı Milli Şuranı tənqid edərək bildirib ki, bu qurum əsas mübarizəni müxalifətin daxilinə keçirməkdədir. Bundan başqa, Milli Şuranın Koordinasiya Mərkəzinin bəzi üzvləri, o cümlədən Rafiq Manaflı da Müsavat funksionerləri tərəfindən ciddi şəkildə ittiham edilib.

Dünən Müsavat tərəfindən irəli sürülən ittihamlara Rafiq Manaflı cavab verib. Manaflı bəyan edib ki, Gülağa Aslanlı ilə bağlı mənfi fikir işlətmək istəməzdi: “Digər müsavatçı funksionerlərdən fərqli olaraq Gülağa Aslanlı verdiyi açıqlamalar zamanı etik qaydaları gözləyən şəxsdir. Mənim Müsavatla bağlı problemim yoxdur. Milli Şura seçkidə iştirak etməmək haqqında qərar qəbul edib. İndi də mövqelərimizin əsaslandırılması ilə məşğul olmuşuq. Konkret olaraq heç bir partiyaya qarşı ittiham olmayıb.

Ancaq təəssüflər olsun ki, Müsavatın hücumlarının əsas hədəflərindən biri də mənəm. İddia edirlər ki, guya Milli Şura mübarizəni müxalifət daxilinə keçirir. Əlbəttə, biz hakimiyyətin irəli sürdüyü namizədlərlə bağlı heç bir fikir işlətmirik. Özümüz seçkiyə qatılmırıq və öz sıralarımızdan seçkilərə qatılanlara da mövqeyimizi çatdırırıq. Bizim dediyimizin ünvanı müxalifətdir. Ona görə də, belə görünür ki, guya biz mübarizəni müxalifət daxilinə keçirmişik.

Burada əsas mübahisə seçkiyə getmək və getməmək məsələsindən qaynaqlanır. Biz seçkiyə getməməklə bağlı əsaslandırma ortaya qoyuruq, seçkiyə gedən müxalifət partiyaları isə buna əks arqumentlərlə çıxış edirlər. Ona görə də, belə görünür ki, mübarizə müxalifət düşərgəsi daxilində gedir. Fakt odur ki, bu gün Milli Şuraya qarşı olanlar bizim seçkiyə gedən dostlarımızdır. Əlbəttə, biz onların əksəriyyətini müxalifətçi hesab edirik, lakin özlərini müxalifətçi kimi qələmə verənlər də az deyil”.

Rafiq Manaflı qeyd edib ki, Müsavat tərəfindən Milli Şuranın Koordinasiya Mərkəzinin bəzi üzvlərinin hədəfə götürülməsi də təəssüf doğurur: “Onlar unudurlar ki, parlamentdə ən azı Müsavatın keçmiş iki Divan üzvü də oturur. Və ya Əkrəm Əylisli türk dünyasının ürəyindən vurub. Unudurlar ki, bu şəxs də Müsavatın keçmiş Divan üzvüdür. Bəs, bu məqamları niyə demirlər?”.

Rafiq Manaflı deyib ki, qarşı tərəf münasibətləri “Rafiq Manaflı-Müsavat” qarşıdurması həddinə gətirməyə çalışır: “Mən heç yerdə Müsavatın adını çəkməmişəm. Yazdığım statusa üç nəfər Müsavat funksioneri heç bir etikanı, çərçivəni gözləmədən, tərbiyəsiz formada şərhlər yazıblar. Mən məsələni Müsavatın üzərinə gətirməmişəm. Mən Səxavət Soltanı, Elman Fəttahı tanımıram, illərlə onları görməsəm, yadıma düşməzlər. Bu adamların kompleksləri var, nə yazırsan öz üzərlərinə götürürlər. Heç bilmirəm Səxavətin, Elmanın neçə yaşı var. Bu adamlar məni nədə ittiham edəcəklər? Qırmızı xətti keçmək lazım deyil. Adamı ittiham edəndə düşünürlər ki, o nələr edib, mən nələr etmişəm. Qırmızı xətti keçərkən fikirləşmək lazımdır”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər