Avstraliya Parlamentinin üzvü, Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Luke Simpkinsin başçılıq etdiyi nümayəndə heyəti cari il oktyabr ayının sonlarında Azərbaycanda səfərdə olmuş, parlament seçkiləri ərəfəsində bir sıra görüşlər keçirmiş və ölkəmizdə seçkiqabağı vəziyyətlə yaxından tanış olmuşdur.
Teleqraf.com xatırladır ki, Luke Simpkinsin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 1-də ölkəmizdə keçirilmiş parlament seçkilərini müşahidə etmiş, seçkinin yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycanda parlament seçkilərinin şəffaf, demokratik və qabaqcıl dünya təcrübəsinə uyğun keçirildiyini vurğulamışdır. Avstraliya parlamentinin üzvləri öz ölkələrinə döndükdən sonra bu barədə Avstraliya parlamentində və mətbuatında açıqlamalarla çıxış etmiş, ölkəmizdəki seçkiyə dair fikirlərini və Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını öz ölkələrinin ictimaiyyətinə çatdırmışlar.
Bu günlərdə isə Luke Simpkins Avstraliyanın xarici işlər naziri xanım Culie Bişopa Azərbaycan ərazisinin, xüsusilə də Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal edilməsi barədə sualla müraciət etmişdir. Deputat xarici işlər nazirindən bu işğala dair Avstraliya hökumətinin mövqeyini, hökumətin bu rayonların Azərbaycana məxsus olmasını tanıyıb-tanımadığını soruşmuşdur.
Deputatın sualına cavab verən Avstraliyanın xarici işlər naziri xanım Culie Bişop diqqətə çatdırmışdır ki, Avstraliya hökumətinin dünyanın müxtəlif ölkələrinin suveren ərazisinin qanunsuz işğalını pisləyən çoxillik siyasəti vardır. Avstraliya hökumətinin siyasəti Azərbaycanın suverenliyini tanımaqdan ibarətdir. Nazir qeyd etmişdir ki, Avstraliya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir. Avstraliyanın xarici işlər naziri öz ölkəsinin ardıcıl mövqeyini açıqlayaraq demişdir ki, Ermənistan və Azərbaycan hökumətləri məsələni sülh yolu ilə həll etmək, münaqişəyə və Dağlıq Qarabağ regionunun işğalına son qoymaq üçün bir araya gəlməlidirlər.
Nemət