9 Dekabr 2015 13:14
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Binəqədi Rayon Məhkəməsində Müsavat Partiyasından xaric edilən bir qrupun partiyaya qarşı şikayəti üzrə məhkəmə prosesi başlayacaq.

Bu barədə Teleqraf.com-a Partiyanın Suraxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli məlumat verib.

Qeyd edək ki, Müsavatdan uzaqlaşdırılan bir qrup narazı şəxs partiyanın sonuncu – VIII qurultayının nəticələrinin ləğv edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Rövşən Dəmirli bildirib ki, qaldırılan iddiada qurultaydan qabaq və sonra bir sıra pozuntuların baş verdiyi qeyd olunub və məhkəmədən nəticələrin ləğvi, yenidən qurultay çağırılması tələb edilib.

Xatırladaq ki, iddia ərizəsini Müsavat Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli, partiyanın keçmiş üzvü Əlövsət Sadıqlı, Müsavatın Surxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli, partiyanın Zəngilan rayon təşkilatının sabiq sədri Rüfət Əliyev və başqaları imzalayıblar. Müsavatın rəhbərliyindən narazı olan şəxslər partiyadan xaric edilib, hazırda isə partiya başqanlığına sabiq namizəd Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunurlar.

Qeyd edək ki, bundan əvvəl partiyanın sonuncu qurultayının nəticələrini ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib. Nazirlik isə müraciətə baxmaqdan imtina edib, məsələnin məhkəmə predmeti olduğunu bildirib.

Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Müsavat rəhbərliyi Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Müsavatdan uzaqlaşdırılanların böyük əksəriyyəti Qubad İbadoğlunun ətrafına toplaşıb. Tural Abbaslı isə tərəfdarları ilə birlikdə “Ağ blok” yaratdığını elan edib. Gənclər də onu müdafiə edir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər