Ermənistan kütləvi informasiya vasitələri tərəfindən ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlkin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar tədbirə qatılması və Karen Mirzəyan adlı şəxsilə görüşməsi barədə məlumat verilib. Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən bu fakt araşdırılıb.
Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar, Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallarla Azərbaycanın narazılıq və narahatlığı ABŞ Dövlət Departamentinə çatdırılacaq: "Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ tərəfindən qondarma rejimi təşviq etmək məqsədilə Vaşinqtona səfər etmək üçün K.Mirzəyana adlı şəxsə viza verilməsi düzgün addım deyil".
Səxavət