Müsavat Partiyasının Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı başqanlığa keçmiş namizəd Tural Abbaslının partiyanın Gənclər Təşkilatının məhv olduğu barədə dediklərini şərh edib.
Qeyd edək ki, T.Abbaslı deyib ki, Gənclər Təşkilatı daxilində sağlam rəqabət yaratmaq istəyən gənclər heç bir əsas olmadan təşkilatdan çıxarılır. Onun fikrincə, Müsavat Partiyasında gənclərin passivliyi partiya rəhbərliyinin səriştəsizliyindən və yarıtmazlığından irəli gəlir: “Uzun illərdir formalaşmış Gənclər Təşkilatını, struktur və ənənələri məhv elədilər. Rəhbərlikdəki şəxslərin 90 faizi səriştəsizdir, 10 faiz səriştəsi olanlar isə yarıtmaz fəaliyyət göstərirlər. Artıq 1 il iki aydan çoxdur qurultay keçirilib hələ də Müsavatı Partiyasının Gənclər Təşkilatı adında strukturu yoxdur”.
Müsavatın Divan üzvü Razim Əmiraslanlı isə deyilənlərlə razılaşmadığını bildirib. O xatırladıb ki, Müsavat Partiyasının 8-ci qurultayından sonra Gənclər Təşkilatının sədri istefa verib və Əhliman Abbaslıdan sonra yeni sədr seçilməyib: “Müəyyən problemlər yaransa da, partiyada yüzlərlə gənc var, Gənclər Təşkilatının yenidən formalaşdırılması və ümumi yığıncağın keçirilməsi üçün bir neçə aydır işlərə başlamışdıq, artıq işlərimiz yekunlaşıb. Bütün rayon təşkilatlarına göstəriş verilmişdi ki, qeydiyyatda olan və fəaliyyət göstərən gənclərin siyahısı tutulsun. Siyahılar təşkilat şöbəsinə təqdim edilib. Yaşı 29-a qədər olan şəxslər Gənclər Təşkilatının üzvü ola bilər”.
Onun sözlərinə görə, dekabrın 20-də Gənclər Təşkilatının ümumi yığıncağının keçirilməsi ilə bağlı qərar qəbul olunub: “Bu yığıncaqda yeni rəhbərlik formalaşacaq və fəaliyyətini davam etdirəcək. Gənclər Təşkilatı Şurasını, idarə Heyəti və Mərkəzi Nəzarət-Təftiş Komissiyasını müəyyənləşdirəcək”.
R.Əmiraslanlının fikrincə, Müsavat Partiyasında Gənclər Təşkilatı siyasi arenada həmişə güclü təşkilatlardan biri olub: “Həmin gənclər var və bu gün də fəaliyyətlərini davam etdirirlər”.
O, ictimai-siyasi proseslərin gənclərin aktivliyinə təsir göstərdiyini bildirib: “Hesab edirəm ki, Müsavat gəncləri Gənclər Təşkilatı yenidən formalaşdırıb öz fəaliyyətini davam etdirmək əzmindədir. Rayon təşkilatlarındakı gənclər və qadın birliklərində olan vəziyyətlər bağlı prosesləri mükəmməl bilirəm. Tural Abbaslı siyasi dividend qazanmaq üçün müəyyən fikirlər səsləndirir. O, bizim fəal gənclərimizdən olub. Onun ətrafında Müsavatdan maksimum 5 gənc ola, yaxud olmaya. Gənclərin Tural Abbaslının yanında olduğunu söyləmək yanlış fikir formalaşdırmaq üçün deyilir. Tural Abbaslı ”Ağ blok"u gələcəkdə partiyaya çevirmək üçün addımlar atacağını söyləyib. Belə hal isə Nizamnamənin işə düşəcəyinə şübhə yeri qoymur. Müsavat Nizamnaməsinə görə hər hansı müsavatçı siyasi blok yaradarsa, həmin şəxs dərhal partiyadan xaric olunacaq. Güman etmirəm ki, partiya rəhbərliyindən kifayət qədər narazı adam var. Bu, qətiyyən belə deyil. 3-5 gənc partiyanın indiki kursunu bəyənmirsə, bunu bütün gənclərə şamil etmək olmaz. Müsavatda yüzlərlə gənc var ki, partiyanın ideoloji-siyasi xəttinin tam yanındadır. Tural Abbaslı qurultayda maksimum 19 səs almışdı, mətbuata siyahı təqdim etsin görək onu müdafiə edən gənclər kimdir. Maksimum 6 müsavatçı gənc Tural Abbaslının yanında ola bilər. Bunu səmimi deyirəm, Tural Abbaslı da bunu çox yaxşı bilir".
Nərgiz