Müxalifət düşərgəsində bitməyən qarşıdurmalar davam edir. Müşahidələr göstərir ki, yeni qarşıdurma üçün səbəblər tapa bilməyən bu düşərgənin ən sanballı nümayəndələri köhnə ədavətlərini yenidən gündəmə gətirirlər.
Son günlər bunun əyani sübutu Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərlə müstəqil siyasi şərhçi Zərdüşt Əlizadə arasında yaranan gərgin münasibətdir.
Müsavatın sabiq başqanı mətbuata verdiyi müsahibə zamanı Zərdüşt Əlizadə haqqında danışıb. Milli Strateji Düşüncə Mərkəzinin sədri Zərdüşt Əlizadəni yalan danışmaqda ittiham edib. İsa Qəmbər həmçinin Z.Əlizadənin yalanlarından ibarət kitab yazacağına da eyham vurub: “Zərdüşt Əlizadə və onun kimi bir sıra insanlar var ki, ömür boyu yalan danışırlar. Bu yalanların sayı-hesabı yoxdur. Bu yalanlara cavab vermək üçün gərək kitablar yazasan. Elələrinin hər yalanına ayrıca cavab verməyə vaxtım və həvəsim yoxdur. Görünür ki, o dediyim kitablar yazılacaq”.
Zərdüşt Əlizadə isə İsa Qəmbərə çox diplomatik cavab verib: “Söz azadlığıdır, İsa Qəmbər nə istəyir deyə bilər. Eyni azadlıq məndə də var və mən də nə istəyirəm deyə bilərəm. Oxucular da dinləyər, oxuyar, müqayisə edərək özləri qənaətə gələrlər ki, kim haqlıdır, kim haqsız”.
Məlumat üçün qeyd edək ki, bu iki məşhur şəxs arasında qarşıdurmanın tarixi 1988-ci ilə gedib çıxır. Qeyri-rəsmi söhbətlər əsnasında Zərdüşt Əlizadə bildirir ki, əslində, Azərbaycan Xalq Cəbhəsinin ilk təsis toplantısında qurumun sədri postuna Yusif Səmədoğlunun irəli sürülməsi razılaşdırılıb. Arqument də belə olub ki, Yusif Səmədoğlu ziyalıdır, respublikada tanınmış şəxsdir və onun sədrliyi altında daha çox işlər görmək, mümkün təhlükələrdən daha rahat qorunmaq olar. Lakin təsis konfransı başlayan zaman İsa Qəmbərin göstərişi əsasında AXC-yə aidiyyəti olmayan şəxslər konfransa gətirilib. Sədr məsələsi müzakirə edilən zaman isə Əbülfəz Elçibəyin namizədliyi irəli sürülüb. Bununla da Zərdüşt Əlizadə ilə İsa Qəmbər arasında əbədi konfliktin əsası qoyulub. Bu konflikt illərdir ki, davam edir. İsa Qəmbərə yaxın şəxslər isə hesab edirlər ki, əslində, Zərdüşt Əlizadə 1988-ci il meydan hərəkatı başlayandan sonra yaranan münasibətlərdən sonra bəzi kompleksləri özündən kənarlaşdıra bilmir. İddia olunur ki, Zərdüşt Əlizadənin özü Azərbaycan Xalq Cəbhəsinin lideri olmaq arzusunda olub, lakin onun yolu məhz İsa Qəmbər tərəfindən kəsilib. Bundan sonra Əlizadə bu hərəkəti İsa Qəmbərə bağışlamır.
Əldə etdiyimiz məlumata görə, siyasətdə, şəxsi münasibətlərdə düşmən münasibətlərini 27 ildir ki, saxlayan bu iki fiqur son dəfə 1990-cı illərin sonunda bir araya gəliblər. Həmin görüşün təşəbbüsünün kim tərəfindən irəli sürüldüyü bəlli deyil. Tərəflər “Malakan” bağında yerləşən kafedə görüşüblər. Həmin görüş çox qısa çəkib. Görüşdə İsa Qəmbər çay, Zərdüşt Əlizadə isə kofe sifarişini verib. Qısa söhbət zamanı tərəflər arasında anlaşma əldə edilməyib. Bundan sonra Zərdüşt Əlizadə içdiyi kofenin hesabını ödəyərək kafeni tərk edib. Onun ardınca da, Müsavat başqanı İsa Qəmbər içdiyi çayın haqqını ödəyib. Həmin dövrdə Zərdüşt Əlizadə ASDP həmsədri postunda idi. Sözügedən görüşdə həmin dövrün ictimai-siyasi prosesləri müzakirə edilib. Bundan sonra ASDP ilə Müsavat arasında münasibətlər heç vaxt düzəlməyib. Əvəzində sosial demokratlar AMİP-lə sıx münasibətdə olublar. İndi bu iki şəxs arasında düşməni münasibətlər 27 ildir ki, davam edir.
Xatırladaq ki, Zərdüşt Əlizadə və Rasim Ağayevin birgə müəllifi olduqları “İkinci Respublikanın süqutu” kitabında İsa Qəmbər ciddi tənqid edilib.
CAVİDAN