18 Dekabr 2015 18:13
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesi çərçivəsində prezidentlər və ya digər səviyyələrdə görüşlərin keçirildiyi ərəfədə və ya görüşlərdən sonra Ermənistan tərəfindən qəsdən vəziyyətin gərginləndirilməsi, təxribat-diversiya əməllərinin törədilməsi həyata keçirilir.

Bunu Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın açıqlamasını şərh edərkən deyib.

H.Hacıyev qeyd edib ki, rəsmi Yerevan 2014-cü ilin noyabrında Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən dərhal sonra təxribatçı məqsədlərlə Azərbaycanın işğal olunmuş ərazilərində 46.000 şəxsi heyətin və 5000 ədəddən artıq texnikanın iştırakı ilə genişmiqyaslı hərbi təlim keçirərək, məlum helikopter insidentinin baş verməsinə rəvac verdi: "Bu ilin sentyabrında Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi, dekabrda isə Belqradda ATƏT-in nazirlər şurasının iclası dövründə Ermənistan tərəfindən yenə də qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəsin intensiv şəkildə pozulmasına yol açan təxribatçı əməllərə əl atıldı".

XİN rəsmisi deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin 19 dekabr tarixində İsveçrədə keçirilməsi planlaşdırılan görüşü ərəfəsində də Ermənistan tərəfindən insan itkisi ilə müşayiət olunan təxribat-diversiya əməllərinin törədilməsi həyata keçirilir: "Hətta qoşunların təmas xəttinə yaxın ərazilərdə və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki obyektlər hədəfə alınır".

Onun sözlərinə görə, Ermənistan bu kimi təxribat əməlləri ilə qəsdən vəziyyəti gərginləşdirərək, hər bir vəchlə danışıqlar prosesini pozmaq, münaqişənin həllində irəliləyişə nail olunmasına imkan verməmək, qeyri-davamlı və qəbuledilməz olan status-kvonu saxlamaq məqsədi güdür: "Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə olaraq, vəziyyətin gərginləşməsinə və insidentlərin baş verməsinə xidmət edir".

H.Hacıyev əlavə edib ki, münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, ilk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılması, qaçqın və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması təmin olunmalıdır: "Təcavüzkar və işğalçı dövlət kimi yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür".


Müəllif:

Oxşar xəbərlər