“Azadlıq-2015" Seçki Blokunda təmsil olunan 7 partiyanın siyasi blokda müttəfiqlik etmək planı baş tutmayıb. Əvəzində partiyalar əməkdaşlıq, koordinasiya mərkəzi formatını seçiblər. Bu isə o deməkdir ki, son illərin əsas müxalifət birliyi olan ”Azadlıq-2015"-in də taleyi digər müxalifət birliklərinin taleyi kimi oldu.
Əldə etdiyimiz məlumata görə, hətta bu formata digər partiyaların daxil edilməsi istiqamətində danışıqlar da aparılır. Konkret açıqlama verilməsə də, bəlli olur ki, digər partiyaların bu formata gətirilməsi üçün danışıqları Xalq Partiyasının sədri Pənah Hüseyn aparır. Danışıqlar başa çatdıqdan sonra sabiq baş nazir partiya üzvlərinə əlavə informasiya verəcək. İlkin məlumata görə, Pənah Hüseyn daha çox Müsavat və Demokrat Partiyasını bu formata çəkməyə çalışır.
Sözügedən formatda yer alan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli siyasi blokda birliyin əldə edilməməsi barədə informasiyanın doğru olduğunu deyib. Bildirib ki, yeddi partiya arasında müzakirələr aparılıb və son razılıq belə olub ki, vaxtaşırı toplantı keçirilsin, müəyyən məsələlər müzakirə edilsin: “Ancaq siyasi partiyaların bloku kimi deyil, partiyaların əməkdaşlıq mərkəzi formatında toplaşaq. Srağagün yenə də toplaşdıq, bəzi məsələlərlə bağlı mövqeyimizi ifadə etdik. İndi vəziyyət bundan ibarətdir. Siyasi blokun və ya hərəkatın yaradılması məsələsi artıq gündəmdə deyil”.
Siyasi partiyaların blokunun yaradılması məsələsinin hansı səbəbdən gündəlikdən çıxarılmasına gəldikdə Qulamhüseyn Əlibəyli söyləyib ki, belə məsləhət olub: “Hesab elədik ki, bu formatda davam etmək daha məqsədəuyğundur. Seçki bloku yaratdıqdan sonra da, adətən, həftədə bir dəfə toplaşaraq müzakirə aparırdıq. İndi də həftədə bir dəfə toplaşırıq. Gələcəkdə siyasi partiyaların blokunun yaradılması məsələsinə baxmaq olar”.
Cavidan