Bir müddət öncə AŞPA-nın qış sessiyasında Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirəyə çıxarılan iki məruzədən biri - Sərsəng Su Anbarı ilə bağlı qətnamə qəbul olunsa da, Robert Valterin müəllifi olduğu “Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması” adlı layihə təsdiqini tapmadı.
Bu, Azərbaycan ictimaiyyətində geniş narazılıq doğurdu.
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə AŞPA-da Azərbaycanın maraqlarına zidd adılan addımla bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- Asim bəy, AŞPA-da “Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması” adlı qətnamənin qəbul edilməməsini necə qiymətləndirmək olar?
- Sərsəng Su Anbarı ilə bağlı qəbul olunan qətnaməni dəstəkləyirəm. Bu, ekoloji fəlakətin qarşısının alınması baxımından əhəmiyyətlidir. Bununla yanaşı AŞPA Robert Valterin müəllifi olduğu “Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması” adlı qətnaməni qəbul etməməklə hüququn aliliyinə əməl etmədi. Uzun müddətdir ki, turizm qurumuna çevrilmiş ATƏT-in Minsk Qrupu AŞPA-ya məlum müraciəti ilə qətnamənin qəbuluna ciddi problemlər yaratdı. Beynəlxaq ictimaiyyət hüququn aliliyini tanımır və işğalçının başını sığallamaqla məşğuldur. Təəssüf ki, Avropa Şurası bəyan etdiyi dəyərlərə sahib çıxmır.
- Sizcə, nə üçün ATƏT-in Minsk Qrupu qətnamənin qəbuluna qarşı çıxdı?
- Səbəb odur ki, Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsini monopoliyaya alıb və heç bir təşkilatın bu işlə məşğul olmasını istəmir. Həmsədrlər turist səfərlərini davam etdirmək istəyirlər. Özləri beynəlxalq hüquqa hörmət etmirlər və başqalarına da imkan vermirlər. Minsk Qrupundakı ölkələrin hər birinin münaqişə ilə bağlı öz siyasi marağı var. Belə görünür ki, onların hər biri münaqişənin həllində maraqlı deyirlər və dondurulmuş vəziyyətdə qalmasını istəyirlər. Yəqin, ABŞ və Fransa Rusiya kimi Ermənistanın yaxın müttəfiqidirlər, ya da onlar erməni lobbisinin təzyiqləri altında geri çəkilirlər. Ona görə də, münaqişə həll olunmur. Hesab edirik ki, münaqişə ATƏT-in təməl sənədləri əsasında, hüquq normaları çərçivəsində öz həllini tapmalıdır. Lakin təcavüzkara hüquqi qiymət verilmədiyinə görə, ona qarşı hansısa sanksiya tətbiq edilmədiyinə görə məsələ uzanır. Necə olur ki, Ukraynaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq olunur, amma Azərbaycanın ərazisini işğal edən, bölgədə hümanitar fəlakət yaradan Ermənistana qaşın üstündə gözün var deyən yoxdur. Biz Ermənistanı sülhə məcbur edən heç bir cəhdin şahidi deyilik.
- Qətnamənin qəbulunun qarşısını yalnız Minsk Qrupu aldı?
- Yox, erməni lobbisi və havadarları da Minsk Qrupu ilə birgə işləyib AŞPA-ya təsir göstərdilər.
- Azərbaycanın Xarici İşlər Nazirliyi, diaspor qrumlarımız, deputatlarımız nə üçün onların cəhdlərinin qarşısını ala bilmədi?
- Mən bu işlə yaxından məşğul olmamışam və qeyd etdiyiniz qrumların bu istiqamətdəki fəaliyyətilə tanış deyiləm. Ona görə də, məsələni şərh edə bilmərəm.
- Bundan sonra Azərbaycan Minsk Qrupundan imtina edə bilərmi?
- Azərbaycan beynəlxalaq təşkilatlarla sıx işləməlidir, əməkdaşlıq etməlidir. Bizim başqa yolumuz yoxdur.
- AŞPA-nın təəssüfedici mövqeyindən sonra Azərbaycan hansı addımlar atmalıdır?
- Azərbaycan Dağlıq Qarabağla bağlı düzgün xarici siyasət qurmalı, beynəlxalq ictimaiyyəti doğru, dəqiq informasiyalarla təmin etməliyik.
- Bəzən belə təkliflər səsləndirilir ki, Dağlıq Qarabağ münaqişəsinin həllilə Minsk Qrupu deyil, daha nüfuzlu beynəlxalq təşkilatlar, məsələn Avropa Birliyi, Avrioa Şurası, BMT məşğul olsun. Bu nədərəcə də mümkündür?
- Reallıq ondan ibarətdir ki, səmərəsiz fəaliyyət göstərən Minsk Qupu münaqişənin həlli məsələsini özünün monopoliyasında saxlayır və heç bir başqa təşkilatın bu münaqişə ilə məşğul olmasını istəmir. Avropa Şurası münaqişənin həllilə məşğul ola bilməz, onlar məsələyə öz münasibətlərini sərgiləyə bilərlər.
Ruslan