Suriyadakı böhranla bağlı İsveçrənin Cenevrə şəhərində aparılan danışıqlaq heç bir nəticə verməyib. Səbəb Rusiya rəsmilərinin və Bəşər Əsəd hakimiyyətinin nümayəndələrinin müxalifətin təkliflərini qəbul etməməsi olub.
Qeyd edək ki, BMT-nin vasitəçilik etdiyi danışıqlarda müxalifət üç təkliflə çıxış edib. Müxalifətin sözçüsü Salim al-Muslat deyib ki, bu təkliflər mühasirənin aradan qaldırılması, qadın və uşaqların azad edilməsi, o cümlədən Rusiyaya və Əsəd rejiminə məxsus hərbi təyyarələrin uçuşlarının dayandırılmasıdır: "Bu müddəalar qəbul edilməsə, biz Cenevrəni tərk edəcəyik".
Müxalifət bəyan edir ki, Bəşər Əsəd vaxt udmaq üçün danışıqları uzadır.
Dünən axşam saatlarında Cenevrə danışıqlarına son verilib və müxalifət nümayəndələri İsveçrəni tərk ediblər.
BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura danışıqları müxalifətin müzakirələri tərk etmək istəyinə görə dayandırıb.
Əsəd hakimiyyətinin nümayəndəsi Bəşər Cəfəri bəyan edib ki, müxalifət danışıqlardan çıxmaq qərarını Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin göstərişi ilə verib.
Suriya ilə bağlı növbəti görüşün fevralın 25-də keçiriləcəyi bildirilir.