"Müxalifətçilik inhisara alına bilməz. Müxalifətçilik etməyin düsturu və meyarları da qanunla müəyyən edilmir. Hər kəsin, hər təşkilatın fərqli yanaşmasının olması mümkündür. Bir təşkilat mitinqin tərəfdarı, o biri əleyhdarı olursa, sonuncunu satqın elan etmək savadsızlıq və səbatsızlıqdır".
Bunu AXCP sədri Razi Nurullayev bildirib. O, qeyd edib ki, bir neçə partiyanın da "Anti-böhran" koalisiyası yaratmasında problemli və gülməli bir şey görmür: "Əslində, təşkilatların təmərküzləşməsi, inteqrasiya etməsi, bu və ya digər məsələlər ətrafında müzakirə açması, proqram hazırlaması çox yaxşı haldır. Oturub gözləməkdənsə, dərvişi-libas olub tənqidi şeir deməkdənsə, özündən başqa kimsəni bəyənməməkdənsə, digərlərinə don biçməkdənsə, çaba göstərib nələrsə etmək daha yaxşıdır. Bu gün müxalifətdə kimin birinci, kimin ikinci, kimin üçüncü, kimin güclü, kimin zəif olduğunu müzakirə etmək, kimin həqiqi, kimin yalan olduğunu bəyan etmək natamamlıq kompleksidir. İşləmək və nəticə göstərmək tələb olunur. Həyatını sərt tənqidlərə həsr etmək, rəngləri görməkdən imtina etmək, özündən başqa heç kimi görməmək, özünə vurulmaq, cibində ayna gəzdirib tez-tez camalına baxmaq xəstəlik əlamətidir".
Razi Nurullayev daha sonra əlavə edib ki, qəhrəmanlıq tənqid etməklə olmur: "Bir boksçu böyük-böyük danışa-danışa, "kəsəcəm", "öldürəcəm", "dağıdacam", "çənəsini sındıracam" deyə-deyə, lopa-lopa sağına-soluna tüpürə-tüpürə rinqə çıxır. Təvəzökar görünən rəqibi isə bir zərbə ilə onu nokauta salır. Bu gün özündən razıları, elə o bəyənmədikləri və gücünə inanmadıqları kəslər komaya salacaqlar".
CAVİDAN