Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Əli Kərimli qanadı ilə Müsavat Partiyası arasında yeni təşkilatlanma mübarizəsinə start verilib. Adı çəkilən hər iki partiya regionlarda bir-birinin bəhsinə müşavirələr, iclaslar keçirir, partiyaya yeni üzvlərin qəbul olunduğuna dair açıqlamalar verir.
AXCP sədrinin müavini Gözəl Bayramlı sosial şəbəkələrdə təşkilatlanma ilə bağlı məlumat yayıb. Bildirib ki, bu yaxınlarda AXCP sıralarına ümumilikdə 29 nəfər yeni üzv qoşulub.
Buna cavab olaraq Müsavatın da təşkilatlanma ilə bağlı xəbəri özünü gecikdirməyib. Partiyanın yaydığı məlumatda bəyan edilir ki, fevralın 21-də Saatlıda zona müşavirəsi keçirilib. Müsavat başqanının müşaviri Azər İsmayıl iclasda məhsuldar müzakirələrin aparıldığını deyib. Müşavirədə Müsavatın Divan üzvü Nemən Kərimli, MNTK üzvü Əliş Əzizov, Müsavat Gənclər Təşkilatının təmsilçisi, Məclis üzvü Əbülfəz Sadıqbəyli və Məclis üzvü Vasif Sadıqbəyli iştirak ediblər. Nemət Kərimli ölkədəki ictimai siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələr haqqında məlumat verib. Yerli təkilatların rəhbərlərinə yeni təlimatlar çatdırılıb. Toplantıda həmçinin keçmiş millət vəkili İltizam Əkbərli və yerli təşkilatların təmsilçiləri çıxış ediblər.
Müsavat Partiyasında təmsil olunan, amma adının açıqlanmasını istəməyən üzvü isə deyib ki, bu iki partiya arasında uzun müddətdir ki, müxalifətdə birincilik uğrunda savaş gedir, bəzən bu mübarizə qarşılıqlı ittihamlara yol açır. İndi isə mübarizədə məqsəd yenə də müxalifətdə birinci partiyanın kim olması ilə bağlıdır. Sadəcə, bu dəfə mübarizə təşkilatlanma, kimin daha çox rayon şöbəsinin olması kontekstində gedir. Yeri gəlmişkən, bu iki partiya arasında son qarşıdurma Müsavat Divanının üzvü, hüquqşünas Osman Kazımovun son açıqlaması ilə bağlı olmuşdu. Kazımov AXCP-yə təklif etmişdi ki, birgə müzakirələr aparılsın. Lakin AXCP bu təklifi rədd etmişdi. Bundan sonra hər iki partiyanın funksionerləri bir-birini ittiham etməyə başladı. İttihamın motivi isə müxalifətin hansı partiya tərəfindən zəiflədiyi, kimin satqın olması, siyasi xəttini dəyişdirməsi, əldə edilən son birlikdən hansı təşkilatın birinci çıxması təşkil edirdi.
CAVİDAN