“Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri siyasi, iqtisadi və dostluq mənasında böyük əhəmiyyət kəsb edir”.
Teleqraf.com-un məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov deyib ki, İran və Azərbaycan arasında hər zaman dostluq münasibətləri mövcud olub.
O bildirib ki, iki ölkə münasibətlərinin çox ciddi əsasları var: “İran Azərbaycanın böyük qonşu və dost dövlətidir. İki ölkə arasında bir çox böyük səfərlər təşkil olunur. Digər tarixi, etnik, dini əlaqələrimiz də dərin köklərə sahibdir. Bütün bunlara görə də İran ilə Azərbaycan arasında münasibətlər hər zaman dostluq və qarşılıqlı etimad prinsipləri əsasında qurulub və indi də həmin istiqamətdə inkişaf etməkdədir”.
Ə.Əhmədov qeyd edib ki, son vaxtlar İrana qarşı sanksiyaların aradan qaldırılması istiqamətində atılan addımların müsbət nəticələr verməsi bu ölkənin dünyaya inteqrasiyası üçün yeni imkanlar yaradıb:
“Təbii ki, bu da İran-Azərbaycan münasibətlərinə müsbət təsirini göstərir. Biz onun tərəfdarıyıq ki, İran ilə Azərbaycan arasında olan ənənəvi dostluq münasibətləri iqtisadi və ticarət əlaqələrinin daha da möhkəmlənməsinə gətirib çıxarsın. Bu baxımdan da Prezident İlham Əliyevin İrana səfəri siyasi, iqtisadi və dostluq mənasında böyük əhəmiyyət kəsb edir. Həm Azərbaycan, həm də İran cəmiyyəti bu səfəri yüksək qiymətləndirir. Bu səfərin də yüksək nəticələri olacağına hər birimiz inanırıq”.