Azərbaycan Demokrat Liberal Partiyasının ofisində müxalifətin İşçi Qrupunun növbəti toplantısı keçirilib. Toplantıda İşçi Qrupuna daxil olan siyasi partiya sədrləri və ictimai qurumların rəhbərləri iştirak edib. İclasda fevralın 21-də “Böhran koalisiyası” tərəfindən keçirilən tədbir müzakirə edilib. İşçi Qrupu tədbirin yüksək səviyyədə təşkil edildiyini, çoxlu sayda insanın qatıldığını vurğulayıb.
Daha sonra İşçi Qrupu Xocalı soyqırımının 24-cü ildönümünü birgə qeyd etmək barədə razılığa gəlib. Bildirilib ki, İşçi Qrupuna daxil olan partiya və hərəkatlar birlikdə soyqırımı abidəsini ziyarət edəcək.
İşçi Qrupu kütləvi etiraz aksiyalarının keçirilməsi haqqında da müzakirələr aparıb, bir sıra fikir ayrılıqları uzlaşdırılıb. Müzakirələrin sonunda mitinqə hazırlıq üzrə təşkilat komitəsinin yaradılması qərara alınıb. İşçi Qrupunun üzvləri eyni zamanda mitinqə hazırlıq üzrə təşkilat komitəsinin üzvü hesab olunub.
İşçi Qrupunun üzvü Tural Abbaslı qeyd edib ki, toplantıda yeni üzvlər məsələsi müzakirə edilməyib: “Bizdə açıq qapı siyasətidir. Lakin 21 fevral tədbirindən sonra bizə hər hansı bir müraciət edən təşkilat olmayıb. Ancaq ayrı-ayrı şəxslərlə danışıqlar aparılır. Adlar olmasa da, ictimaiyyət tərəfindən tanınan siyasətçilər, ictimai xadimlərlə bu və digər formada danışıqlar aparılır ki, bu prosesdə iştirak etsinlər”.
T.Abbaslı deyib ki, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər İşçi Qrupunda təmsil olunmur: “Ancaq tədbirlərimizə qonaq qismində gələrək çıxış edir, özünün mövqeyini ortaya qoyur. Ola bilsin ki, gələcəkdə İşçi Qrupuna qatılsın. Ərəstun Oruclu da tədbirə qonaq qismində gəlir”.
Müsavat başqanının müavini Elman Fəttah “Böhran koalisiyası”nı ciddi tənqid edib. Deyib ki, bu qurum tərəfindən Müsavata dəvət məktubu göndərilməyib: “Antiböhran adı altında birləşən lokal qrupların məqsədləri bizə bəlli deyil. Bu koalisiyada təmsil olunan qurumlarla birlikdə addımlamağı doğru hesab etmirəm. Həmin toplantıları ciddiyə almıram”.
E.Fəttah əlavə edib ki, Müsavat və AXCP-nin olmadığı heç bir qurum ciddi qəbul oluna bilməz: “Məhz ciddiliyi şübhə altında olduğuna görə Müsavat belə birliklərə qoşulmur”.
“Böhran koalisiyası”nın" nümayəndəsi Əhməd Oruc isə Müsavatdan gələn ittihamları rədd edib. O bildirib ki, E.Fəttah təzə müavindir, ona tanış deyil: “Elman Fəttahın özü nə qədər ciddidir ki, kiminsə ciddi və ya qeyri-ciddi olduğunu deyir, bu proseduralara rəhbərlik edir? Bu prosesin nə qədər ciddi olub-olmadığı vəziyyətdən asılı olacaq. Adından göründüyü kimi siyasi partiyalar ”Böhran koalisiyası"nda bir araya gələrək fikir və təkliflərini bildirir, onu uzlaşdırır. Bu, müsbət hadisədir. Kimsə bunu həzm edə bilmirsə, onların işidir".
Ə.Oruc qeyd edib ki, Müsavat funksionerinin onların dialoq prosesində iştirakını, Avropa Oyunlarına dəstək verməsini tənqid etməsini anlaya bilmir: “Biz dialoq mövqeyində idik və hesab edirdik ki, bu, doğru mövqedir. Hakimiyyətlə-müxalifət arasında fərqli mövqelərlə bağlı müzakirələr olmalıdır. Kimlərsə Tbilisidə, Moskvada ermənilərlə görüşməyi doğru, öz hökuməti ilə müzakirələr aparmağı səhv hesab edirsə, onların problemidir”.
“Böhran koalisiyası”nın nümayəndəsi Müsavat və AXCP-nin iştirak etmədiyi birliyin qeyri-ciddi və əhəmiyyətsiz olması haqqında iddiaları da rədd edib: “Bu gün Müsavat və AXCP-nin nüfuzu əvvəlki illərlə müqayisədə çox zəifdir. Bunlar iddia edirlər ki, Müsavat və AXCP-nin iştirak etdiyi proses normal prosesdir. 1993-cü ildən guya ana müxalifət bu iki partiyadır. Əslində, bu iki partiya arasında bitməyən intriqalar bütövlükdə müxalif düşərgəni pis vəziyyətə qoyub. AXCP və Müsavat nə qədər prosesdən kənarda qalsa, normal təfəkkürlə daha yaxşı müxalif siyasət ortaya qoymaq olar. Bu iki partiyanın heç biri atdığı addımları məntiqi əsaslandıra bilmir. Bunların sahibi Rusiya, İran, Qərb də ola bilər. Son hadisələr göstərir ki, onlar istənilən sifarişçinin əmrlərini yerinə yetirməyə hazırdırlar”.
Cavidan