27 Fevral 2016 18:43
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Əliyev: “Müxalifət düşərgəsindəki sakitlik heç kəsə sərf etmirdi”

“Böhran koalisiyası” ilə Müsavat Partiyası arasındakı qarşıdurmanın səbəbi bəlli olub.

Əldə etdiyimiz xəbərə görə, gərginliyin əsas səbəbi “Böhran koalisiyası”nın 21 fevralda keçirdiyi tədbir zamanı ADP sədri Sərdar Cəlaloğlunun İsa Qəmbəri tənqid etməsi, bu istiqamətdə müəyyən fikirlər işlətməsi olub.

“Böhran koalisiyası”nda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib ki, müxalifət daxilindəki qarşıdurmaları təbii qarşılamaq lazımdır. Onun sözlərinə görə, bu düşərgədə təmsil olunan siyasi qüvvələr arasında da rəqabət gedir: “Rəqabət təkcə iqtidar-müxalifət müstəvisində olmur. Həm də eyni elektorat uğrunda iddialı olan siyasətçilər arasında da rəqabət və gərginlik var. Bu da, normaldır. İdmanda, şou biznesdə, ticarətdə rəqabət yoxdurmu? Cəmiyyət rəqabət əsasında formalaşır. Bəzən güclü şir gəlib qoca şiri ailədən qovur, onun övladlarını məhv edir. Bu təbiətin və cəmiyyətin inkişaf etməsi üçün vacib şərtdir. Odur ki, rəqabət şəraitində yaşayan qüvvələrin bir-birinə qarşı ittihamları təbii qarşılanmalıdır”.

Ə.Əliyev deyib ki, onların təşkil etdiyi tədbirdən sonra Müsavat funksionerlərinin reaksiya bildirməsi başadüşüləndir: “Koalisiyanın tədbirində bizim məruzəçilərdən biri Müsavat haqqında fikir ifadə edib. Bunu təbii qarşılamaq lazımdır, kriminal bir durum yoxdur. ”Böhran koalisiyası"nın tədbirinə həm müxalifətdən, həm də iqtidardan təpki gəlir. Yəni həm rəqibimizin, həm də müttəfiqlərimizin təftişi başa düşüləndir. Müsavat Partiyası ilə bağlı qarşıdurma bu partiyanın rəhbərliyi haqqında deyilən irada görə oldu. Hesab etmirəm ki, bu, haqsız irad idi. Müsavatdan bu fikirlərə cavab gəldi, bu cavaba digər cavablar verildi. Əslində, əvvəl müxalifət düşərgəsində sakitlik var idi. Bu, heç kəsə sərf etmirdi. Münasibətlər polemika şəraitində olmalıdır".

“Böhran koalisiyası”nın nümayəndəsi Müsavatla gələcək münasibətlər haqqında da danışıb: “Bizim partiyanın, təmsil olunduğumuz Siyasi Əməkdaşlıq Mərkəzinin və ”Böhran koalisiyası"nın prinsipial mövqeyi odur ki, enerji müxalifətdaxili qarşıdurmaya yönəldilməsin, əksinə, bacardıqca daha geniş əməkdaşlıq imkanları əldə olunsun. Taktiki yanaşma və tezislərimizin bəzən ziddiyyətli olmasına baxmayaraq birləşməyə məhkumuq. Bu, bizim mövqeyimiz olsa da, hər şey bizim mövqeyimizdən də asılı deyil. Kim məsələyə necə yanaşırsa, bu da onların öz işidir. Mən müxalifətdə qarşılıqlı ittihamların olmasını mümkün və təbii sayıram, ancaq taktiki baxımdan düz hesab etmirəm. Müxalifət səy və resurslarını bir-birinə yönəltməməlidir. Ümumi bir meydan, rəqabət var. Burada cəmiyyət kimə dəstək verəcəksə, verəcək. Müxalifət daxilində belə qarşılıqlı ittihamları doğru saymıram, amma olmasını da faciə hesab etmirəm. Rəqabətin olması normaldır. İttihamlar da bu rəqabətin təzahürü olaraq ortaya çıxır. Əslində, nəzəri baxımdan partiyalar fərqli ad altında eyni yolu gedir. Bizə görə, bu vaxta qədər gedilən yoldan və arada olan münasibətlərdən asılı olmayaraq birlik mümkündür. Kim bunu mümkün saymırsa, bu da onların problemidir".

Cavidan


Müəllif:

Oxşar xəbərlər