4 Mart 2016 19:53
2 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarında (ABŞ) ilkin seçkilərin ikinci ayı başlayır. Fevralda dörd, martın 1-də isə 11 ştat olmaqla 15 ştat üzrə nəticələr açıqlanıb. Bir neçə ştatda qələbə çalmaqla demokrat Hillari Klinton və respublikaçı Donald Tramp öz partiyalarının nominasiyası uğrunda mübarizədə birinciliyi möhkəmləndiriblər. İlkin seçkilərin ən mühüm günü sayılan və “Super Çərşənbə Axşamı” kimi tanınan gündə ön sırada gedən iddialılar rəqiblərini böyük hesabla üstələyiblər.

Sabiq Dövlət Katibi Klinton Alabama, Arkanzas, Corciya, Tennessi, Texas və Virciniyada, şimalda isə Massaçussets ştatında Vermont Senatoru Berni Sandersi məğlubiyyətə uğradıb. Sanders öz doğma ştatı Vermont da daxil olmaqla dörd ştatda qələbə qazanıb. Donald Tramp isə 15 ştatdan on birinə liderlik edir. O, öz partiyasının nominasiyasını qazanmaq üçün lazım olan nümayəndələr sayında da ikinci yerdə dayanan Ted Kruzdan iki dəfə çox nümayəndə sayına malikdir. Texas, Oklahoma və Alyaskada Senator Ted Kruz, Minnesota ştatında isə Marko Rubio qalib gəliblər. Trampın respublikaçıların vahid namizədi olmaq şansı həddindən artıq yüksəkdir. “Super Çərşənbə Axşamı”ndan sonra Hillari Klinton öz partiyasının qurultayına 1055, Donald Tramp isə 315 nümayəndə ilə yollanır. Demokratların nominasiyasını almaq üçün 2382, Respublikaçılarda isə 1237 səs tələb olunur. Partiyaların yekun namizədləri iyul ayında keçiriləcək ümummilli qurultaylarda müəyyən olunacaq. Namizədlərin təyinatı onların ilkin seçkilərdə topladıqları səslərdən asılı olacaq. Respublikaçıların qurultayı Ohayo ştatının Klivlend şəhərində, Demokratlarınkı isə Filadelfiyada keçiriləcək.

Bu arada namizədlərin kampaniya çərçivəsində seçicilərə yönəlik çıxışları birmənalı qarşılanmır. Xüsusilə Donald Trampın “ABŞ-ın qapıları müsəlmanların girişinə tamamilə bağlanmalıdır” fikri, o cümlədən prezident Barak Obamanı və sabiq dövlət katibi Hillari Klintonun İŞİD terror qruplaşmasını yaratmaqda ittiham etməsi geniş rezonans doğurub.

ABŞ-dakı seçkiqabağı kampaniya və “Super Çərşənbə Axşamı”nın nəticələri barədə iki ekspertə eyni suallarla müraciət etdik. Gənc siyasətçi Bəxtiyar Hacıyev və Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı suallarımızı cavablandırdı.

"Super Çərşənbə Axşamı"nın nəticələri bəllidir və belə fikir qətiləşib ki, mübarizə Demokrat Hillari Klinton və Respublikaçı Donald Tramp arasında gedəcək. Siz necə düşünürsünüz, gözlənilməz namizəd irəli keçə bilərmi? İndiki mərhələdə kim prezident olmağa daha yaxındır?

Bəxtiyar Hacıyevin cavab belə oldu: “Hələ ki, hər iki partiyadan namizədin qətiləşməsi ilə bağlı danışmaq tezdir. Daha 35 ştatda ilkin seçkilər keçiriləcək. Doğrudur, respublikaçı Donald Tramp və demokrat Hillari Klinton namizədlər arasında öndə gedirlər. Ancaq seçki marafonu hələ davam edir, xüsusilə də, respublikaçıların oturuşmuş siyasi liderləri Trampın namizədliyinə qəti qarşıdır. Yaxın günlərdə respublikaçı liderlər kütləvi şəkildə Trampın namizədliyinə qarşı çıxışlara, kampaniyalara başlayacaqlar. Artıq bu proses başlayıb. 2012-ci ildə prezidentliyə namizəd olmuş Mit Romni, ABŞ nümayəndələr palatasının spikeri Pol Ryan açıq və çox sərt ifadələrlə Trampın namizədliyinə qarşı çıxışlar ediblər. Ötən gün 95 respublikaçı ictimaiyyətə müraciət edib və Trampın namizədliyinə qarşı çıxdıqlarını bildiriblər. Onlar daha çox indiki namizədlərdən Ted Kruz, yaxud Marko Rubionun namizəd olmasına çalışacaqlar. Düşünürəm ki, martın ortasına qədər partiyaların vahid namizədləri haqqında əminliklə danışmaq olmaz. Bununla belə Trampın ABŞ prezidenti seçilmək şansı hələ də var və heç kim əminliklə bu ehtimalı kənara qoya bilməz. Onun ABŞ prezidenti seçilməsi isə həm ABŞ-ın dünyadakı nüfuzuna, həm də ABŞ-ın özü üçün ciddi problemdir.

Azər Qasımlı isə deyib: “Demokratlarda çox böyük ehtimalla namizəd Hillari Klinton olacaq. Ancaq respublikaçılarda vəziyyət tam aydın deyil. Düzdür, Donald Trampın şansı digər namizədlərlə müqayisədə daha çoxdur, ancaq fikrimcə, Ted Kruzun da şansı yüksəkdir. Trampın yığdığı səslər respublikaçı seçicilərin yarısının yarısıdır. O, namizəd olmaq üçün seçicilərin böyük hissəsinin səsini almalıdır. Demokratlarda isə vəziyyət fərqlidir, Hillari Klintonla Sanders arasında fərq böyükdür. Doğrudur, yenə də nə isə dəyişə bilər, amma bu ehtimal aşağıdır. Fikrimcə, demokratlardan Klinton, respublikaçılarda isə ya Donald Tramp, ya da Ted Kruz namizəd olacaq. Yarış Trampla Klinton arasında getsə, böyük ehtimalla prezident Klinton olacaq. Ancaq respublikaçıların namizədi Ted Kruz olarsa, nəticəni yüz faiz təxmin etmək çətindir. Klintonun şansını daha yüksək dəyərləndirirəm. Önəmli bir məsələ də var ki, demokratlarda Klintonun qarşısına çıxacaq güclü namizəd yoxdur. Sanders yaşlıdır və sol düşüncəlidir. Sol düşüncəli şəxsin demokratların səsini alma ehtimalı o qədər də yüksək deyil. Amerika tarixində qadın prezident olmayıb, bu isə amerikanlara daha cəlbedici gələ bilər. Hər şey seçki kampaniyasından, rəqibin kimliyindən və davranışlarından asılıdır.

Donald Trampın ziddiyyətli və müsəlmanlara qarşı fikirləri onun reytinqinə necə təsir göstərəcək?

B.Hacıyev: “Donald Tramp peşəkar siyasətçi deyil, dərin siyasi bilikləri, analizi yoxdur. Şəxsiyyət olaraq isə onda çox ziddiyətli xarakter mövcuddur. Onun qeyri-qanuni immiqrantların ABŞ-dan deportasiya ediləcəyi, Meksika ilə ABŞ arasında böyük və uzun divarın hörüləcəyi, müsəlmanların ABŞ-a buraxılmayacağı ilə bağlı vədləri, hicablı müsəlman ABŞ vətəndaşının, qaradərili gənclərin seçki mitinqindən çıxarılması ABŞ-ın təməl dəyərlərinə ziddir. Bir çoxları iddia edir ki, Donald Tramp savadsız kütlə hesabına bu səsləri əldə edib. Ancaq martın 1-də keçirilən seçkilərdə MIT, Harvard, Boston Universiteti, Tufts Universiteti kimi dünyaca məşhur universitetlərin yerləşdiyi Massaçussets ştatında da 49% səs toplayırsa, artıq, bu, problemdir.

Respublikaçıların rəhbərliyi Trampın partiyanın namizədi olmasının qarşısını almağa cəhd edəcəklər. Amma onu dayandırmaq mümkün olacaq, yoxsa yox, onu zaman göstərəcək.

A.Qasımlı: “ABŞ prezidenti postuna layiq şəxs Trampın dediyi fikirləri söyləməməlidir. Ona görə də respublikaçıların daxilində, partiya elitasında onun ciddi hörməti yoxdur. Partiya elitası Trampın namizədliyini istəmir. O, tanınmış adamdır, biznesdə uğur qazanmış şəxsdir, səs qazanmaq üçün böyük ehtimalla radikal-millətçi fikirləri səsləndirməklə siyasi populizmə gedir, Amerika cəmiyyətində İslam terrorizminə olan əhval-ruhiyyə üzərində oynayır. Tramp prezident seçilsə belə, bu, o demək deyil, dediyi fikirlərə əməl edəcək. O, prezident seçiləcəksə, qarşımızda tamamilə başqa Tramp görə bilərik”.

Amerikalıların istəyi nədən ibarətdir? Onların gələcək ABŞ prezidentindən gözləntiləri nədir?

B.Hacıyev: “Amerikalıları hazırda narahat edən bir neçə məsələ var. Başda iqtisadi məsələlər, bərabərsizlik, iş yerlərinin olmaması, maaşların aşağı olması və s. dayanır. Bundan başqa müxtəlif qruplara qarşı ayrı-seçkilik, ədalət sisteminə, məhkəmələrə olan inamsızlıq da əsas mövzulardandır. ABŞ seçicilərinin böyük bir qrupu isə Wall Street şirkətləri, maliyyə qurumları, onların rəhbərlərinə qarşı qəzəblidirlər. Wall Streetdəki 0.1 faiz ən varlı adamın getdikcə daha da varlanması, maliyyə böhranına səbəb olduqları halda bonuslar almaları, həbs edilməmələri, eyni zamanda kiçik cinayətlər törətmiş insanların, məsələn, bir çox ştatda artıq qanuniləşmiş marixuana çəkməyə görə həbs edilməsinə etiraz edirlər”.

A.Qasımlı: “Bununla bağlı sosial sorğuları izləməmişəm. Bütün hallarda düşünürəm ki, istər akademik, istərsə də ictimai-siyasi çevrə, yaxud sadə amerikalı olsun, onlar ABŞ-ın bundan sonra da söz sahibi, dünyada ən güclü, Amerikanı daha təhlükəsiz və iqtisadi nöqteyi-nəzərdən daha güclü görmək istəyirlər. Sandersin bu qədər uğur qazanması onu deməyə əsas verir ki, Amerika cəmiyyətinin müəyyən hissəsi sollaşmağa doğru gedir. Obamanın dövründə xüsusilə səhiyyə ilə bağlı verilən qərar tamamilə sosialist qərar idi. Ola bilsin seçicilərin müəyyən hissəsi məhz sosial təminatın daha güclü olduğu ölkə istəyir.

Namizədlərdən kim prezident olarsa, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində indikindən fərqli mövqe sərgiləyə bilər? Ümumiyyətlə, prezidentin kimliyinin münaqişələrə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə təsiri varmı?

B.Hacıyev: ABŞ prezidenti üçün Dağlıq Qarabağ münaqişəsi xarici siyasət gündəliyində xüsusi əhəmiyyətli məsələ olmayıb və bundan sonra da çox güman ki, olmayacaq. Bütövlükdə, Rusiya ilə münasibətlər, yaxud keçmiş SSRİ ölkələrində davamlı saxlanılan münaqişələrlə bağlı hər hansı mövqe ola bilər və məhz o mövqe çərçivəsində Dağlıq Qarabağla bağlı da hansısa fərqli yanaşma görmək mümkündür. Kimin seçilməyindən asılı olmayaraq, bu mövqe tək prezidentdən asılı olmayacaq, ABŞ konqresi və ABŞ Dövlət Departamentinin də mövqeyi vacib rol oynayacaq. Ancaq prezidentlik yarışında qalan namizədlərə baxdıqda, yalnız Hillari Klintonun xarici siyasətdə əsaslı, dərin təcrübəsinin olduğunu görmək olar. O, xüsusilə də, 2008-2012-ci illər arasında dövlət katibi kimi 112 ölkəyə səfər edib, müxtəlif ölkələrin rəhbərləri ilə ən ağır, çətin diplomatik danışıqlar aparıb. Ona görə də onun keçmiş SSRİ məkanındakı ərazi münaqişələri ilə bağlı mövqeyinin əsaslı və daha ədalətli olacağını gözləmək olar”.

A.Qasımlı: “İstər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, istərsə də ümumilikdə ABŞ-ın xarici siyasəti demokratların hakimiyyəti dövründə daha mülayim olur. Demokratlar Amerika maraqlarını dünyanın hər bir bölgəsində mütləq şəkildə önə çəkmirlər. Ancaq respublikaçılar tam əksinə hesab edirlər ki, Amerika daha aktiv və aqressiv siyasət yürütməlidir. Onlar düşünürlər ki, avtoritarizmə qarşı Amerikanın maraqlarını fərqli-fərqli bölgələrdə istəməyən ölkələrə daha aqressiv mövqe sərgiləməlidirlər. Belə fikirlər var ki, respublikaçıların hakimiyyətə gəlməsi Azərbaycana, xüsusilə Dağlıq Qarabağ məsələsində daha çox üstünlük verir. Bizim bölgədə Qarabağ probleminin həll olunmamasında maraqlı olan ölkələr var. Bu ölkələrin də ABŞ-la münasibətləri o qədər yaxşı deyil, rəqabətdədirlər. Bu baxımdan respublikaçıların hakimiyyətə gəlməsi həmin ölkələrlə Amerikanın münasibətlərini daha da gərginləşdirəcək. Hazırda Tramp fərqli fikirlər söyləyir. Əslində, onun fikirləri respublikaçıların ənənəvi xarici siyasətinə heç uyğun gəlmir. O deyir ki, Putin yaxşı siyasətçidir və mənim dostumdur. Halbuki, bütün respublikaçılar hər zaman Rusiyaya qarşı fikirlər səsləndiriblər. Düşünürəm ki, Ted Kruzun prezident seçilməsi Azərbaycana daha çox sərf edərdi, onu Azərbaycan maraqlarına uyğun namizəd kimi görürəm”.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər