İstanbul Ticarət Palatasının nümayəndələri Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib
Bakıda səfərdə olan İstanbul Ticarət Palatasının nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib.
Teleqraf.com-un xəbərinə görə, Dövlət Komitəsinin sədri Nazim İbrahimov Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın bələdiyyə seçkilərindən sonra ilk səfərini bugünlərdə Azərbaycana etməsini xatırladaraq bildirib ki, bu, Azərbaycan və Türkiyənin qardaş dövlət olmasının göstəricisidir. Hər zaman bir-birinə dəstək göstərmiş bu iki dövlətin bundan sonra da dünyada cərəyan edən proseslərdə eyni mövqedən çıxış edəcəyini vurğulayan N.İbrahimov bugünkü görüşün də xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Nümayəndə heyətinin üzvü, Türkiyə parlamentində AKP-ni təmsil edən millət vəkili Seyit Sertçelik bildirib ki, səfərin məqsədi bu gün dünyada Azərbaycan və Türkiyə əleyhinə aparılan təbliğat kampaniyalarının qarşısının alınmasında güclərin birləşdirilməsi, bu istiqamətdə ortaq fəaliyyət planının hazırlanması və həyata keçirilməsi məsələlərini müzakirə etməkdir.
İstanbul Ticarət Palatası yanında qurulmuş xüsusi komissiyanın sədri Mustafa Balkuv təmsil etdiyi təşkilat haqqında məlumat verib: “350 min üzvü olan palata Türkiyədə birinci, dünyada isə beşinci ən böyük qeyri-hökumət təşkilatıdır. Ümid edirik ki, Azərbaycan və Türkiyəyə qarşı təbliğat kampaniyası aparanlarla mübarizədə təşkilatımızın gördüyü işlər və sizinlə əməkdaşlıq öz töhfəsini verəcək”.
Nümayəndə heyətinin rəhbəri, İstanbul Ticarət Palatasının İdarə Heyətinin üzvü Öztürk Oran isə bu gün beynəlxalq aləmdə Azərbaycan və Türkiyə əleyhinə aparılan təbliğatın qarşının alınması istiqamətində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, xüsusilə Xocalı soyqırımının tanıdılmasında Azərbaycan və Türkiyə diasporu ilə yanaşı, hər iki ölkənin dövlət və qeyri-hökumət təşkilatları arasında da əməkdaşlığın gücləndirməsinin vacibliyini qeyd edib.
Görüşdə antitürkiyə və antiazərbaycan kampaniyalarına qarşı mübarizə aparmaq məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsi və İstanbul Ticarət Palatasının üzvlərindən ibarət ortaq komissiyanın yaradılması və fəaliyyət planının hazırlanması qərara alınıb.
Qeyd edək ki, aprelin 4-dən Bakıda olan İstanbul Ticarət Palatasının 12 nəfərlik nümayəndə heyəti bir sıra rəsmi və qeyri-rəsmi görüşlər keçirib.