“Həmkarlarımın tənqidi və tövsiyə xarakterli çıxışlarına rəğmən Nazirlər Kabinetinin 2015-ci il üçün hesabatını müsbət qiymətləndirirəm. Hər bir hökumətin fəaliyyəti böhran ilində görülən işlərlə bağlıdır. Burada da qeyd edildi ki, 2015-ci il asan olmayıb. Prezidentin apardığı siyasət nəticəsində ictimai-siyasi sabitlik qorunub. Azərbaycan regionun ən stabil ölkəsidir”.
Bunu Milli Məclisdə çıxışı zaman Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Komitə sədri qeyd edib ki, 2015-ci ildə sosial yönümlü bir sıra əhəmiyyətli işlər görülüb: “Bu il qazlaşdırma ilə bağlı işləri aparılıb, əhalinin içməli su ilə təminatı üçün addımlar atılıb. “Asan Xidmət” dünyada təqdirəlayiq hal kimi qiymətləndirilir. Bir çox dövlət orqanları da vətəndaşlara xidməti yüksək səviyyədə qurmağa başlayıblar. Mənim üçün hökumətin hesabatının 8, 9 və 10-cu fəsilləri xüsusi əhəmiyyət kəsb edir. Çünki burada söhbət hüquq mühafzə orqanlarından, məhkəmə institutundan gedir. Hesab edirəm ki, hesabatın bu hissəsində dolğun informasiya var. Məhkəmə institutu azad bazar iqtisadiyyatı zamanı xüsusi əhəmiyyət daşıyır. 2015-ci ildə 315 cinayət işi qaldırılıb. Bu baxımdan biz ümumi vəziyyətə obyektiv qiymət verməliyik”.
Qeyd edək ki, parlamentdə Nazirlər Kabinetinin 2015-ci illə bağlı fəaliyyətinin hesabatının müzakirəsi davam edir.
Nemət