“Bu həftə Respublikaçı Alternativ Hərəkatının qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılacaq. Bizim təşəbbüs qrupumuzun ilk iclası keçirilib. Bu həftə ikinci iclas keçiriləcək və təşkilat komitəsinin yaradılmasına dair qərar qəbul ediləcək. Bundan sonra təşkilat komitəsi konkret olaraq qurultay və onun keçirilməsinə dair işlərlə məşğul olacaq”.
Bunu Teleqraf.com-a REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli deyib. Onun sözlərinə görə, maksimum qurultayın tez bir zamanda keçirilməsi gözlənilir: “Nə qədər tez bacarsaq və yerlə bağlı problemləri həll edə bilsək, yaxın aylarda ali tədbiri keçirəcəyik”.
REAL nümayəndəsi deyib ki, qurultayın keçirilməsi ilə bağlı dəqiq tarix bəlli deyil: “Öz aramızda qərar verərkən yekdil fikir belə oldu ki, yaxın zamanlarda bunu edək. Amma bu texniki məsələlərdən və hüquqi proseduralardan asılı olacaq. Bütün hallarda çalışacağıq ki, tədbir tezliklə baş tutsun. Təşəbbüs qrupunun üzvlərinin sayı mindən çoxdur. Təbii ki, onların hamısının iştirakı ilə qurultay keçirmək real deyil. Bu həm fiziki baxımdan mümkün deyil, həm də belə tutumla məkan tapmaq ehtimalı aşağıdır. Odur ki, qurultayda yüzlərlə insan iştirak edəcək. Bizim üçün təşkilatı məsələlər çox önəmlidir. Novruz bayramından dərhal sonra bu işlərlə bağlı fəaliyyətə başlayacağıq”.
Nemət