20 Mart 2016 12:17
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın xarici işlər naziri Cavad Zərif martın 19-da Türkiyəyə səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib. İran xarici işlər naziri türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Çırağan Sarayında əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə bir araya gəliblər. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

C.Zərif daha sonra, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüb. İran xarici işlər nazirinin Ərdoğan və Davudoğlu ilə keçirdiyi görüşlər mətbuat üçün qapalı olub.

İran xarici işlər nazirinin Türkiyəyə səfərini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, rəsmi Tehranın Suriya məsələsində mövqeyi nisbətən dəyişib. Onun sözlərinə görə, İran rəsmiləri Bəşər Əsəd barədə daha əvvəlki kimi “o olmazsa olmaz” demirlər: “İran Suriyadakı hərbi varlığını azaldıb, digər tərəfdən iranlı rəsmilərin Suriyada hakimiyyətlə müxalifətin dialoqunun zəruriliyi haqqında fikirlərinin sayı çoxalıb. Bu gedişat Suriyaya görə Türkiyə ilə İran arasındakı münasibətlərdəki gərginliyi nisbətən azalda bilər. Tehran Moskvadan ağıllıdır, Türkiyə ilə körpüləri yandırmaq istəmir”.

E.Şahinoğlu qeyd edib ki, görünür bu da Moskvanı qıcıqlandırdığından Rusiyanın xarici işlər naziri Sergey Lavrov C.Zəfərin Türkiyəyə səfərindən bir gün əvvəl onunla telefonla danışıb: “Bu, Moskvanın sanki Tehrana mesajıdır ki, Ankaradakı danışıqlarda Rusiyanın maraqları da nəzərə alınsın. Tehranın ağlı olsa Türkiyənin əleyhinə Rusiyanın oyununda yer almaz”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər