Qardaşı Maqsud İbrahimbəyovun dəfn mərasimində iştirak etmək məqsədilə Bakıya gələn Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun martın sonuna qədər paytaxtda olacağı, hüzr məclisi başa çatdıqdan sonra Moskvaya qayıdacağı bildirilir.
Fəxri sədrin Bakıya gəlməsi müxalifət düşərgəsində birmənalı qarşılanmır. Hətta müxalif düşərgənin gəncləri İbrahimbəyovla kontakt quran müxalifətçiləri, xüsusilə, Milli Şuranın sədri Cəmil Həsənlini sərt tənqid edirlər.
Bir neçə gün öncə isə sosial şəbəkələrdə məlumat yayılıb ki, İbrahimbəyov Milli Şura üzvləri ilə də görüşəcək. Lakin Cəmil Həsənli mətbuata verdiyi açıqlamada görüşün baş tutmadığını söyləyib. Qeyri-rəsmi xəbərlərə görə, İbrahimbəyov Milli Şura üzvləri ilə görüşməyi planlaşdırmayıb.
Bəs, Milli Şuranın üzvləri bu barədə nə düşünür?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev Teleqraf.com-a deyib ki, İbrahimbəyov qardaşının vəfatı ilə əlaqədar Bakıya gəlib: “Onun gəlişi gözlənilməz olub. Milli Şura onun gəlişi barədə məlumatsız olub. Rüstəm müəllimin Bakıya gəlişindən sonra Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısı keçirilməyib. Yaxın günlərdə belə bir toplantı keçiriləcək və ehtiyac duyularsa, bu məsələlər müzakirə ediləcək. Odur ki, burada əlahiddə bir məsələ yoxdur. İbrahimbəyov Milli Şuranın üzvüdür və onun qurumun toplantısına qatılması, qurum üzvləri ilə görüşməsi adi bir proseduradır”.
Milli Şura üzvü deyib ki, ortada görüş təşəbbüsü olmayıb: “Cəmil Həsənli yas mərasimində iştirak edib və başsağlığını verib. Bu, bizim üçün adi məsələdir. Əlavə görüşün olub-olmayacağı barədə Koordinasiya Mərkəzində müzakirə aparılmayıb”.
Cavidan