Bu gün Azərbaycan Demokrat Partiyasının sədri S.Cəlaloğlunun qardaşı oğlu Rasim Məmmədov Fizuli istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub. ADP İdarə Heyəti R.Məmmədovun həlak olması ilə bağlı Sərdar bəyə və şəhidin doğmalarına dərin hüznlə baş sağlığı ünvanlayıb. Başsağlığında deyilir.
"Hörmətli Sərdar bəy. Böyük qardaşınız Əbdül bəyin oğlu Rasimin olüm xəbəri bizi hədsiz dərəcədə sarsıtdı və ürəyimizdə dərin yaralar açdı. Başda siz olmaqla Cəlaloğlular nəslinin hər birinin keçdiyi şərəfli yol, haqq işi uğrunda apardığı mübarizə, istiqlal savaşına verdiyi töhfələr, dövlətimizin, millətimizin tərəqqisi üçün göstərdiyiniz səylər, rus-bolşevik imperializminə qarşı başladılan xalq hərəkatının önündə getməyiniz, hər birinizin düçar olduğu məşəqqətli zindan həyatı bütün Azərbaycan xalqınin yaddaşında dərin iz buraxıb.
Qardaşınız Əbdül bəy hələ 25 il öncə Sədərk Naxçıvanın müdafiəsində böyük qəhrəmanlıqlar göstərmiş, düşmən mühasirəsinə düşən əsgərlərini xilas etmək üçün sinəsini sipər edərək yağı düşmənlə üzbəüz döyüşlərə atılmış və aldığı sağalmaz yaralar sonucu birinci qrup əlil olmuşdur. Məhz Qarabağ qazisi ata Əbdülün vətən yolunda candan keçməyin şərəfli örnəyidir ki, bu gün qanını, ruhunu özündə yaşadan oğlu Rasim bəy 25 ildən sonra öz atasının yolunu gedərək göz qırpmadan, tərəddüd etmədən düşmənlə üz-üzə döyüşlərdə qəhrəmancasına həlak olmuş və şəhidli zirvəsinə yüksəlmişdir".
ADP İdarə heyəti bütün partiyadaşları adından Sərdar bəyə, qardaşı Əbdül bəyə və bütün doğmalarına dərin hüznlə baş sağlığı verir, acllarınızı bölüşür.
Şəhidlik zirvəsinə yüksələn, əsgərini göz bəbəyi kimi sevən, şərəfli zabit adını dastanlara yazdıran Rasim bəyə Allahdan rəhmət diləyirik.