Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda qərarların icrası, ictimai-siyasi və cari məsələlər müzakirə olunub.
Cəbhə bölgəsində baş verən son hadisələri qiymətləndirən BAXCP İdarə Heyəti Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusunun təxribatlarına qarşı həyata keçirdiyi uğurlu hərbi əməliyyatların böyük qələbəyə doğru aparan yolda mühüm addım olduğunu bəyan edib.
BAXCP İdarə Heyəti hesab edir ki, Silahlı Qüvvələrimizin həyata keçirdiyi son uğurlu əməliyyat 1994-cü ildən bəri Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində əldə olunan ən böyük nailiyyətdir: “Silahlı Qüvvələrimizin qəhrəman əsgər və zabitlərinin fədakarlığı nəticəsində Ermənistan cəmiyyətində bu ölkənin işğalçı ordusunun məğlubedilməzliyi ilə bağlı erməni təbliğat maşınının formalaşdırdığı illuziya tamamilə alt-üst oldu.
İşğal altında olan Azərbaycan ərazilərində məskunlaşdırılan ermənilər bu torpaqlarda rahat yaşaya bilməyəcəklərini anlayaraq, kütləvi şəkildə qaçmağa başladılar. Düşmənin uzun illər boyu apardığı ideoloji təbliğat “bu torpaqların öz sahibi” var gerçəyi qarşısında tamamilə iflasa uğradı. Azərbaycan Silahlı Qüvvələrinin bir neçə gün ərzində nümayiş etdirdiyi yüksək əzmkarlıq, Ermənistanda mənəvi-psixoloji böhranın daha da dərinləşməsində səbəb oldu”.
BAXCP İdarə Heyəti son hadisələrdən sonra imzalanan atəşkəs sazişində işğal altında olan Azərbaycan torpaqlarında formalaşdırılmış separatçı rejimin təmsilçilərinin tərəf kimi iştirak etməməsini, sənədin yalnız işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistan tərəfindən imzalanmasını da ölkəmizin uğuru kimi qiymətləndirir: “Bununla yanaşı, hesab edirik ki, Azərbaycan əldə etdiyi üstünlükdən, xalqımızın ruh yüksəkliyi və mübarizə əzmindən, eləcə də Ermənistan cəmiyyətində hökm sürən dərin mənəvi-psixoloji böhrandan istifadə edərək, qısa bir müddət ərzində işğal altında olan torpaqlarımızın azad edilməsini tələb etməlidir”
BAXCP İdarə Heyəti baş verən hadisələr müstəvisində Milli Şura üzvlərinin və onlarla eyni düşüncəni bölüşən bir qrup insanın öz məhdud siyasi maraqlarından çıxış edərək, işğalçı Ermənistanı düşdüyü dərin mənəvi-psixoloji böhrandan çıxarmaq üçün sərgilədikləri davranışlardan təəssüfləndiyini bildirib: “Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarını fəda edən qəhrəman əsgər və zabitlərimizin şəhadətinin işğalçı ordunun itkiləri ilə müqayisə edilməsi çox böyük ləyaqətsizlikdir. Belə yanaşma birmənalı olaraq işğalçı Ermənistanın yenidən toparlanmasına, düşdüyü böhrandan xilas olmasına xidmət edir. Düşmənin maraqlarına xidmət edən istənilən addım Vətənə, xalqa xəyanətdən başqa bir şey deyil”.
Nemət