11 Aprel 2016 19:30
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycan xalqının bütün diqqəti cəbhəyanı bölgələrdədir. Azərbaycan Silahlı Qüvvələri işğalçı Ermənistan ordusuna sarsıdıcı zərbə vurub, mühüm strateji yüksəkliklərə nəzarəti ələ keçirib və Ali Baş Komandan tərəfindən qarşısına qoyulmuş vəzifələri uğurla yerinə yetirib.

Düşmən həm canlı qüvvədə, həm də texnikada böyük itkiyə məruz qalıb. Beynəlxalq ictimaiyyət münaqişənin yenidən alovlanması səbəblərinə obyektiv yanaşıb, ölkəmizin davamlı xarakter daşıyan erməni təxribatlarına cavab hüququnu tanımış və dəstək verib.

Əfsuslar olsun ki, belə bir məqamda AXCP sədri Əli Kərimlinin və onun yaxın ətrafının fəaliyyəti Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrin sabotaj olunmasına, ölkəmizin beynəlxalq nüfuzunun ləkələnməsinə yönəlib. Əli Kərimlinin fəaliyyəti və irəli sürdüyü iddialar ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi informasiya müharibəsinin başlıca istiqamətləri ilə tam şəkildə üst-üstə düşür.

AXCP, “Azadlıq” qəzeti, sosial şəbəkələrdə fəaliyyət göstərən məlum qrup Əli Kərimlinin sifarişlərinə uyğun olaraq ölkə və xalq üçün ən taleyüklü məqamlarda belə düşmənin informasiya təxribatlarına bəhanə, stimul və dəstək veriblər. Hazırda Azərbaycanın əldə etdiyi üstün mövqeyə dəstək vermək əvəzinə, Əli Kərimli və onun rəhbərlik etdiyi AXCP tam əks mövqe tutaraq erməni dəyirmanına su tökməklə məşğuldur.

Yenə də təəssüf hissi ilə qeyd etməliyik ki, Əli Kərimli hərbi əməliyyatların davam etdirilməsi, müharibənin daha da alovlanması ilə bağlı populist çağırışlar edir, daxildə vəziyyəti gərginləşdirməklə məntiqi yekuna yaxınlaşan münaqişənin ədalətli şəkildə, sülh yolu ilə həllinə zərbə vurmağa çalışır.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, politoloq Aydın Mirzəzadə Teleqraf.com-a açıqlamasında bildirib ki, aprelin 2-5-də cəbhə xəttində aparılan hərbi əməliyyatlar əslində eyni zamanda cəmiyyətdə kimin kim olduğunu bir daha aydınlaşdırıb.

Onun sözlərinə görə, kimin doğrudan da vətənpərvər, Azərbaycanın ümummilli məsələsinin həllində maraqlı olduğu üzə çıxıb: “Bir sıra müxalif partiyalar və qruplar bu məsələdə həmrəylik nümayiş etdirərək Prezidentin siyasətini müdafiə etdiklərini, Dağlıq Qarabağ məsələsində hakimiyyətlə bir olduqlarını nümayiş etdirdilər. Ancaq Əli Kərimlinin rəhbərlik etdiyi müxalifətin bir qanadı bu məsələlərdə əksinə, antidövlət mövqeyindən çıxış etdilər.

Onun çıxışlarının məğzində düşünülməmiş addımlar atmaq, Azərbaycanı beynəlxalq aləmdəki dəstəkdən məhrum etmək və 1992-ci ildə – özləri hakimiyyətdə olarkən apardıqları və uğursuzluqla nəticələnən eksperimentlərin həvəsi hiss olunur. Bir daha aydın oldu ki, onların ümumdövlət siyasətindən ümumiyyətlə anlayışları yoxdur və təklifləri bu gün Ermənistanın və Ermənistanı xaricdən müdafiə edən müəyyən siyasi dairələrin dəyirmanına su tökməkdən başqa bir şey deyil”.

Müsahibimiz qeyd edib ki, Dağlıq Qarabağ məsələsinin həllində ancaq hərb yoluna söykənmək heç vaxt uğur gətirə bilməz: “Uğur, həm hərbi, həm də diplomatik yolun birgə vəhdətidir və ümumən götürdükdə problemin həllinə aparan ən qısa və ən az itkisiz yolun seçilməsidir. Əli Kərimli və onun kimi düşünən insanları isə bu gün Azərbaycanın torpaqlarını işğaldan azad etməsi maraqlandırmır. Onlar bugünki situasiyada yenidən hakimiyyət hərisliyini, yenidən ölkədə qarışıqlıq yaratmaq istəyini ortaya qoyurlar. Nədənsə onlar torpaqların az bir qisminin işğaldan azad olunmasına sevinmədilər. Nədənsə, bu situasiyada hakimiyyətin uzun illər apardığı hazırlığın müsbət nəticə verdiyini vurğulamadılar.

Nədənsə onlar öz çıxışlarında Ermənistanın siyasətini pisləmədilər, antiazərbaycan mövqeyində olan xaricdəki müəyyən mərkəzlərə cavab vermədilər. İstəkləri isə Azərbaycanı yenidən 1990-ci illərin qarmaqarışıqlarına salmaq, yenidən qaranlıq situasiyada xaricdən müəyyən qüvvələrin dəstəyi ilə hakimiyyətə gəlməkdir. Ancaq unudurlar ki, Azərbaycan cəmiyyəti artıq kifayət qədər püxtələşib. Azərbaycan vətəndaşı onun maraqlarını kimin müdafiə etdiyinin artıq kifayət qədər fərqindədir. İndi təsadüfi deyil ki, Əli Kərimlinin mövqeyini bir qrup sosial şəbəkə istifadəçilərindən başqa müdafiə edən yoxdur. Müxalif qüvvələrin hamısı Əli Kərimlinin bəyanatından uzaq durmağa, ən azı isə susmağa səy göstərirlər və gənclərin artıq neçə gündür Əli Kərimlinin evi qarşısında etiraz piket keçirməsi tamamilə başadüşüləndir. Gənclər bu gün Azərbaycanın Dağlıq Qarabağ problemininin həllinə yardımçı olan qüvvələrin tərəfindədirlər.

Onlar Azərbaycanın qüdrətinin artmasında, siyasi müstəqilliyinin mövcud olmasında, beynəlxalq aləmdə nüfuz qazanmasında maraqlıdırlar. Bu baxımdan gənclərin səsi xalqın səsidir, bu səs Azərbaycanın müstəqilliyinin daimi olmasında, onun demokratik, insan hüquqlarının müdafiə edildiyi, öz maraqlarını bütün sivil yollarla müdafiə edən bir quruluş olmasında maraqlı olduğunu ortaya qoyur”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər