14 Aprel 2016 17:25
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxış edib.

Teleqraf.com-un məlumatına görə, İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İslam Əməkdaşlıq Təşkilatının Sammitinə dəvətə və tədbirin əla təşkilinə görə təşəkkür edib: “Son illərdə qardaş Türkiyə beynəlxalq aləmdə artan nüfuzu sayəsində “Böyük İyirmiliyin” üzvü kimi qlobal inkişafa mühüm töhfə verir. İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə Türkiyəyə uğurlar arzulayıram. İslam Əməkdaşlıq Təşkilatının baş katibi cənab Mədəniyə təşkilatımızın inkişafı üçün göstərdiyi səylərə görə təşəkkür edirəm”.

Ölkə başçısı vurğulayıb ki, Azərbaycan İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir: “Son illər ərzində Bakıda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü olub. Mən İƏT-in qarşılıqlı dəstək və həmrəylik yolunda fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün dünyada islamofobiya ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qətiyyətlə pisləyirik. Əslində İslam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir. Hörmətli Sammit iştirakçıları, mən sizin diqqətinizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək istəyirəm.

Ermənistan 20 ildən artıqdır ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilib, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Xocalı soyqırımını törədib. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır”.

İlham Əliyev münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xatırladıb: “Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlini dəstəkləyən ədalətli qətnamələrə görə İƏT-ə səmimi minnətdarlığımı bir daha ifadə edirəm.

Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır. Onlardan biri də aprelin əvvəllərində törədilib. Silahlı hücum nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak olub. Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını aldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar İƏT qərar qəbul edib ki, xarici işlər nazirləri səviyyəsində kontakt qrupu yaradılsın. Bu qərara görə təşəkkür edirəm. Hörmətli sammit iştirakçıları, Azərbaycan mütəmadi olaraq mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verir. Aprelin sonunda biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirəcəyik.

Azərbaycan İslam ölkələri arasında həmrəyliyə böyük əhəmiyyət verir. 2017-ci ildə IV İslam Həmrəylik Oyunları Bakıda keçiriləcək. Bu münasibətlə mən sizin hamınızı bu oyunları seyr etmək üçün Bakıya dəvət edirəm. İnanıram ki, bu tədbir İslam aləmində sülhün və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəkdir. Sonda mən bir daha Prezident Rəcəb Tayyib Ərdoğana səmimi qonaqpərvərliyə görə təşəkkür edir, Zirvə görüşünün işinə uğurlar arzulayıram”.

***

Türkiyə baş naziri Əhməd Davudoğlunun adından İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.

Əhməd Davudoğlu çıxışında İstanbula gələn İslam dövlətlərinin rəhbərlərinə İƏT Zirvə Toplantısında iştirakına görə təşəkkür edib: “Rəcəb ayında belə bir mötəbər tədbirin İstanbulda keçirilməsi bizim üçün şərəfdir. İslam dünyası dünyaya barış mesajı verir. Tarixən İslam dövlətləri mədəniyyətlərin mərkəzi olub, ən güclü dövlət ənənələri İslam coğrafiyasındadır.

Təəssüf ki, bu gün savaşlarla üz-üzəyik. Dünyanın ən önəmli geopolitik məkanında yerləşirik. Hesab edirəm ki, uca dinimizdən kənarda olan öz içimizdəki quruluşlara, o cümlədən İŞİD kimi terror təşkilatlarına qarşı birgə mesajlarımızı verməliyik. İslam dininin liderləri olaraq barış çağırışları etməliyik. İslamı terrorla eyniləşdirmək cəhdlərinə birgə qarşı çıxmalıyıq. Çünki İslam terroru lənətləyir. Qərb cəmiyyətlərində İslam dini ilə əlaqədar islamafobiya ənənələri sərgilənir, dinimizlə bağlı yanlış fikirlər səslənir. Siyasi mövzularda fərqli yanaşmamız ola bilər, ancaq insani problemləri, qaçqınlar məsələsini, xüsusilə Suriyadakı qaçqın qardaşlarımızın problemlərinin çözülməsinə çalışmalıyıq”.

Onun sözlərinə görə, beynəlxalq hüquq çərçivəsində İslam dünyasının yenidən parçalanmasına çalışanlara qarşı mübarizə aparmalıyıq: “İslam dövlətlərinin sərhədlərinin bölünməsinə cəhdlər olur. Bizlər İslam dünyasının sərhədlərinin bütövlüyünü qorumalıyıq. Azərbaycan işğal altındakı torpaqları mövzusunda da ortaya qətiyyətli mövqe qoymalı, ona diqqətlə yanaşmalıyıq. Hamımızın əsrlərcə İslam torpaqları olmuş, hazırda işğal altındakı ərazilərin azadlığa qovuşması üçün həssaslıq nümayiş etdirməliyik. Müsəlmanların haqlarını qorumaq İƏT-in qarşısında mühüm məsələlərdən biridir”.

Onun fikrincə, İslam ölkələri iqtisadi əlaqələrini də genişləndirilməlidir.

****

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Teleqraf.com xəbər verir ki, Ərdoğan bildirib ki, dünyadakı müsəlmanların diqqəti hazırda İstanbulda davam edən İƏT-in Zirvə Toplantısındadır.

O qeyd edib ki, dünyanın dörd tərəfindən məzlumların ürəkparçalayan səsləri və görüntüləri yayılır. Onun sözlərinə görə, bu məzlumların böyük əksəriyyəti müsəlmanlardır: “Bu gün İslam dünyası üzünü İstanbula, sammitə döndərib bizlərə qulaq asır. Problemlərin başında məzhəbçilik, irqçilik fitnəsi dayanır. Mən nə sünniyəm, nə də şiə, sadəcə və sadəcə bir müsəlmanam.

Biz müsəlmanlar peyğəmbərimizin “müsəlman müsəlmanın qardaşıdır” sözlərinə diqqət yetirməliyik. İslam adına müsəlmanlara hücum edib onlara zərər yetirən, mallarını yağmalayan terror təşkilatlarının nümayəndələri müqəddəs dinin təmsilçisi ola bilməz.

Dinimiz barış və sülh dinidir. Peyğəmbərimiz barış elçisidir. Allah yardımlaşmağı, doğruluğu əmr edir, çirkin işləri, pislikləri yasaqlayır. Bu əmrlərə riayət etməyən İslam adına hərəkət edə bilməz. Düşmənçiliklərdən zərər görən yalnız müsəlmanlar və İslam ölkələridir. Dostları çoxaltmalı, düşmənləri azaltmalıyıq. Bugünkü zirvə toplantımızın müsəlmanların birliyi, qardaşlaşması yönündə dönüm nöqtəsi olmasını arzulayıram”.
O əlavə edib ki, terror və şiddət İslam dünyasının ən böyük problemlərindən biridir.

***

İslam Əməkdaşlıq Təşkilatnın (İƏT) 13-cü Sammitində Asiya Qrupu adından Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Teleqraf.com xəbər verir ki, İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının sədrliyini qəbul edən Türkiyə Cümhuriyyətini təbriki edib. O, Türkiyə dövlətinə bu vəzifəni yerinə yetirməkdə uğurlar arzulayıb: “Biz Türkiyənin İslam Əməkdaşlıq Təşkilatının sədri kimi əmin-amanlığa əhəmiyyətli töhfə verəcəyinə inanırıq. İƏT-in yeni sədri ilə əməkdaşlıq etməyə tam hazır olduğumuzu bildiririk”.

***

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Madani İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Sammitindəki çıxışında təşkilatın Azərbaycanın ərazi bütövlüyünün qorunmasının vacib olduğunu bəyan edib.

Teleqraf.com-un məlumatına görə, baş katib deyib ki, İƏT Azərbaycan dövlətinin beynəlxalq səviyyədə tanınan sərhədlərinin qorunması məsələsini diqqətdə saxlayacaq. İyad Madani Ermənistanın Dağlıq Qarabağda işğalının davam etdiyini deyib. O söyləyib ki, İƏT Qarabağ münaqişəsinin tez bir zamanda həllini arzulayır. Onun sözlərinə görə, işğalçı Ermənistan ordusu tez bir zamanda zəbt etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.

***

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Sammitində qurumun sədrliyi Misir Ərəb Respublikasından Türkiyəyə keçib.

Teleqraf.com xəbər verir ki, Misir xarici işlər naziri Semih Şükrü İƏT sədrliyini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təhvil verib.


Sədrliyi qəbul edən Ərdoğan “Bismillahir rəhmanir rəhim” deyərək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Sammitinin başqanı olaraq hər kəsi salamlayıb. O, zirvə toplantısına qatılan dövlət başçıları və müşahidəçi ölkələrin nümayəndələrinə Sammitdə iştiraka görə təşəkkür edib.

***

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 13-cü Sammitində iştirak edən qonaqların qarşılanma mərasimi başlayıb.

Teleqraf.com-un məlumatına görə, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə toplantısına qatılan iştirakçıları qarşılayır. Qarşılanma mərasiminin təxminən 1 saat yarım çəkəcəyi gözlənilir. Bu sammitə qatılanların çox olacağı bildirilir. Sammit Beştəpə məscidinin imamı Adəm Kəmanəcinin Qurani-Kərim oxuması ilə başlayacaq.


Sammit çərçivəsində “Ədalət və sülh üçün həmrəylik” mövzusunda Fələstin məsələsi, Suriya, Yəmən, Liviya, Əfqanıstan, Somali, Mali, Cammu və Kəşmir, Bosniya-Herseqovinadakı vəziyyət, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzü kontekstində Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.
Sammitin sonunda İstanbul bəyannaməsi imzalanacaq.


İƏT üzvü olan dövlətlərin birinci xanımları “İƏT-ə üzv dövlətlərdə xərçəng xəstəliyinə qarşı mübarizədə birinci xanımların liderliyi” mövzusunda xüsusi iclas keçirəcəklər.


Qeyd edək ki, zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər