“İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun ölkəmizdə keçirilməsi çox mühüm hadisədir”.
Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Millət vəkili xatırladıb ki, bu Forumun keçirilməsi ilə bağlı hələ bir il öncə Prezident İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanıb, Forumun Təşkilat Komitəsi yaradılıb:
“Azərbaycan bu günə kimi bu Forum da daxil olmaqla, dünya əhəmiyyətli bir sıra forumlara, tədbirlərə uğurla ev sahibliyi edib. Azərbaycan dünyanın nüfuzlu beynəlxalq tədbirlərinin, forumlarının keçirilmə ünvanına, mərkəzinə, məkanına çevrilib. Bu, hər birimizin sevinci, qürur və fəxr mənbəyidir. Əgər Azərbaycan özünün yüksək inkişaf səviyyəsinə nail olmasaydı, tolerantlığın modelinə çevrilməsəydi, heç şübhəsiz ki, bu cür beynəlxalq əhəmiyyətli nüfuzlu tədbirlərin ölkəmizdə keçirilməsi də mümkün olmazdı.
Ancaq məhz Azərbaycanın yüksək, dinamik inkişafı, dini və mili tolerantlıq məkanı olması sayəsində ölkəmizdə hər il nüfuzlu beynəlxalq forumlar, tədbirlər keçirilir və bütün dünyaya yaxşı mənada səs salır.
Hesab edirəm ki, bu Forum da məhz belə olacaq, Azərbaycan bu tədbirə də uğurla ev sahibliyi edəcək. Təbii ki, həmişəki kimi dostlarımız sevinəcək, düşmənlərimiz isə məyus olacaqlar”.
Cavad