Aprelin 25-dən 27-dək Bakı BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edəcək. “İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında baş tutacaq Forum sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformadır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilin iyulun 24-də Forumun ölkəmizdə keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb. VII Qlobal Forumda dövlət və hökumət başçıları, yüksək səviyyəli dövlət və ictimai xadimlər, nazirlər, nüfuzlu beynəlxalq qurumların, dünyada tanınmış beyin mərkəzlərinin rəhbərləri, diplomatlar, elm adamları və digər şəxslər də daxil olmaqla 3000 nəfərdən çox adamın iştirakı nəzərdə tutulub.
Forum çərçivəsində Bakı Konqres Mərkəzi və Heydər Əliyev Sarayına 40-dan çox tədbirin – açılış mərasimi və plenar iclasın, panel toplantılarının, sessiyaların, yüksək səviyyəli iclasların, BMT SA Gənclər tədbirinin, biznes simpoziumun, və s. keçirilməsi planlaşdırılıb. Forumda ekstremizmə və terrora qarşı mübarizə, qlobal miqrasiya, qlobal vətəndaşlıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman, gənclərin rolu, Bakı prosesi, inkluziv cəmiyyətlərin qurulması, multikulturalizm və digər məsələlər müzakirə ediləcək. Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı nəzərdə tutulub.
Milli Məclisin deputatı Fuad Muradov Teleqraf.com-a açıqlamasında deyib ki, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı şəhərində keçirilməsi dünyanın ən nüfuzlu ali qurumunun və dünya ölkələrinin Azərbaycana olan etimadının nəticəsidir.
Onun sözlərinə görə, ölkəmizdə belə bir mötəbər tədbirin baş tutması Azərbaycanın multikultural dəyərlərin təşviqi istiqamətindəki töhfələrinə verilən qiymətdir: “Bildiyiniz kimi bu il Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən multikulturalizm ili elan olunub. Buna uyğun olaraq müxtəlif dövlət qurumlarında həyata keçirilən layihələr bu istiqamətlərdədir. Azərbaycan uzun müddətdir BMT-nin Sivilizasiyalar Alyansının prosesində iştirak edir.
Bir neçə il öncə birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Forumun Bakıda keçirilməsi və bir neçə sessiyalarda iştirak nəzərdə tutulmuşdu. Bu gün Azərbaycan tolerantlıq və multikulturalizm mərkəzinə çevrilib. Ölkəmizdə eyniadlı mərkəz fəaliyyət göstərir, müxtəlif dinlərə mənsub olan xalqların Azərbaycanda rahat yaşaması, onların öz ibadəti ilə məşğul olması üçün yaxşı şərait var.
Eyni zamanda ölkəmizdəki milli azlıqlar sərbəst yaşayır, uzun illərdir Azərbaycanda məskunlaşıblar, dini əsasda heç bir problemlə üzləşməyiblər”.
Deputat hesab edir ki, Qlobal Forumun Azərbaycanda keçirilməsi çox məntiqlidir: “Qafqaz regionunda Azərbaycanda belə mötəbər tədbirin keçirilməsi ölkəmizin xüsusi rolundan xəbər verir. Çox şadıq ki, Azərbaycan belə bir Foruma ev sahibliyi edəcək. Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınmağa başlayıb.
Təsadüfi deyil ki, I Avropa Oyunları, Formula l yarışları, şahmat üzrə dünya çempionatı, IV İslam Həmrəyliyi Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər mühüm məhz tədbirlər Azərbaycanda keçirilir”.
Onun sözlərinə görə, Forumda dünyaya bir neçə istiqamətdə çağırışlar olacaq: “Azərbaycanın problemləri ilə yanaşı, dünyanı narahat edən məsələlər barədə geniş fikir mübadiləsi aparılacaq. İşçi qruplarında Ermənistanın son provokasiyaları müzakirə ediləcək. Dünya liderlərinin bu istiqamətdə həyata keçirdiyi siyasət göz qabağındadır. Təəssüflər olsun ki, bəzi ölkələrdə hələ də multikultural problemlər mövcuddur. Ermənistanda azərbaycanlılar və müsəlmanlara aid olan heç bir abidə, dini ibadət keçirmə yerləri yoxdur. Bu məsələlər diqqətə çatdırılacaq”.
Nərgiz