“Bir neçə radikal mövqeli müxalif təşkilatlardan savayı digər partiyaların münasibəti normaldır. Parlamentdə olan müxalif partiyalar bu məsələdə cəmiyyətin və dövlətin bir olması, Prezidentin apardığı siyasətin bu gün alternativinin olmadığını bildirirlər. Müəyyən radikal siyasi qüvvələrin düşmən dəyirmanına su tökəcək bəyanatlar verməsi, Azərbaycanın tamam fərqli siyasət yeritməsi təkliflərini irəli sürməsi bir tərəfdən onların konstitusiya hüququdur, digər tərəfdən məhz onların apardığı bu siyasət seçkilərdə uğursuzluqlarına gətirib çıxarır”.
Bunu millət vəkili Aydın Mirzəzadə cəbhədə durumun kəskinləşməsi konteksində müxalifət partiyalarının addımlarını şərh edərkən deyib.
Teleqraf.com-un sualına cavabında Aydın Mirzəzadə bildirib ki, belə qüvvələrlə müzakirə aparmağa ehtiyac yoxdur: “Əvvəla onlar güc deyillər. Sosial bazaları çox zəifdir. İkincisi, bizim fərqli mövqelərimiz var və hər hansı bir müzakirəyə ehtiyac yoxdur. Əgər bu gün cəmiyyətin 97 faizi Prezident İlham Əliyevin siyasətini dəstəkləyirsə, azlıqda qalan 3 faizlə müzakirə aparmağa əsas görmürəm. Yox, əgər onlar müraciət edərsə, problem yoxdur”.
“Respublikaçı Alternativ Hərəkatı (REAL) siyasi partiyaya çevrilir. Bu qurum hakim partiyaya rəqib ola bilərmi” sualına gəldikdə Aydın Mirzəzadənin cavabı qısa olub: “Yaransınlar, fəaliyyət göstərsinlər. Ondan sonra danışarıq”.
Nemət