90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasından qurumun Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun namizədliyi irəli sürülüb.
Bunu YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, işlər qanuna uyğun şəkildə davam etdirilir: “Bütün sənədlər dairə seçki komissiyasına təqdim olunub. Dairə seçki komissiyası sənədlərə baxıb imza vərəqələri verməlidir. İmza vərəqələri verilən kimi 10 nəfər müəyyən edilmiş şəxs imza toplamağa başlayacaq. Sonra imza vərəqələri namizədliyin qeydə alınması üçün digər zəruri sənədlərlə birlikdə dairə seçki komissiyasına təqdim ediləcək”.
S.Novruzov bildirib ki, partiyanın beş nəfər səlahiyyətli nümayəndəsi təyin olunub, həmçinin Mərkəzi Seçki Komissiyasına müşahidəçi təqdim edilib.
S.Novruzov YAP-ın namizədinin təkrar seçkilərdə qələbə qazanacağına əminliyini bildirib: “Ağdaşda bizim 16 minə yaxın üzvümüz var. Bu baxımdan onların tərəfdarları ilə birgə bizim kifayət qədər gücümüz var ki, bu seçkilərdə qalib gələk. Digər tərəfdən, Yeni Azərbaycan Partiyasının ölkədə apardığı məqsədyönlü siyasət bu məsələlərə dəstək olacaq və bizim namizəd qələbə qazanacaq”.
Qeyd edək ki, təkrar seçkilərdə radikal müxalifət partiyaları namizəd irəli sürməyib. Respublikaçı Alternativ Hərəkatı seçkilərdə həbsdə olan sədri İlqar Məmmədovun namizədliyinin üzərində dayanıb. Artıq İ.Məmmədova imza toplamaq üçün DSK-dan imza vərəqələri götürülüb.
Ümid Partiyası isə sədr İqbal Ağazadənin namizədliyini irəli sürüb.
İ.Ağazadə hələlik bu dairədə əsas rəqib kimi görünmür. Müşahidələr göstərir ki, təkrar seçkilərdə əsas rəqabət YAP-ın namizədi ilə REAL-ın sədri arasında gedəcək.
Cavad