Əbülfəz Elçibəyin silahdaşlarından olan və hazırda Krımda yaşayan Ülvi Həkimoğlu son günlər bəzi media qurumlarının, habelə bir sıra şəxslərin Əbülfəz Elçibəyi hədəfə almasını, onu ləkələməyə çalışılmasına kəskin etiraz edib.
Teleqraf.com xəbər verir ki, Ülvi Həkimov bununla bağlı özünün feysbuk hesabında yazıb. Gənclik dövrü Əbülfəz Elçibəyin ətrafında keçən Ülvi Həkimoğlu xatırladıb ki, bir qərəzli dəstə peyda olub və Elçibəyi təftiş edir: "23 ildir deyirlər, Elçibəy hakimiyyəti təhvil verdi getdi, bizi çöllərə saldı, hakimiyyətə işlədi, məlum regionu gətirdi, yaxşı adam idi, amma siyasətçi deyildi".
Özü də bunu deyənlərin əksərriyətinin kefi-damağı yerində, heç yerə də getməyiblər, gecələr bəlli yerdə olur, iş verirlər, səhərlər isə müxalifət cildinə girib şüvənlik edirlər. Bir tərəfdən də bu işverən şahidlər millət, xalq, dövlət qayğıkeşi obrazına girib “o zaman hakimiyyəti necə xilas etmək olardı” məsələsində mütəxəssislik edirlər.
Elə bil heç müharibə və bütün cəbhə boyu döyüşlər getmirdi, İran və Rusiya uşaqları Azərbaycanda vətəndaş müharibəsi salmaq üçün Gəncədə 15 yaşından yuxarı bütün dəliqanlı gənclərə silah paylamamışdı, “Bakılılar gəlib Gəncəliləri qırmağa” fikrini yayıb məhəllə təfəkkürü ilə toqquşma yaratmamışdılar və s.
Bu yazıları yazan şüvənlərin nə dövlətçilik, nə də milli şüur anlayışı var. O zaman Naxçıvan Ali Sovetinin sədri Heydər Əliyev dövlət strukturuna görə Azərbaycan Ali Sovetinin sədr müavini postunu tuturdu. Prezident Elçibəyin Heydər Əliyevlə görüşü dəhşətli şəkildə bu yaramazlar üçün sensasiya sayılır. Qoyma Elçibəy hakimiyyəti təhvil verdi. Sən demə Elçibəy bu gədalardan soruşmalı imiş kiminlə görüşsün, kiminlə görüşməsin. Bəs onda Elçibəy Vəzirovla da Bakıda görüşüb, hətta ona yüksək vəzifə təklif etmişdi, Elçibəy Ayaz Mütəllibovun atası ilə də bir araya gəlmişdi. Ali Sovetin sədri İsa Qəmbər də Heydər Əliyevlə görüşmüşdü. Bunları niyə şüvənlik edib yaymırsınız? Çünkü hədəf Elçibəydir. Cünki Elçibəy Azərbaycan müstəqilliyinin, milli demokratik qüvvələrin məhv olmasına imkan vermədi. Çünkü bu ajanlar, satqınlar Azərbaycanı yenidən boyunduruğa sala bilmədilər.
“Elçibəy zəif, yumşaq adam idi, elm adamı, yaxşı ziyalı, tarixçi idi” fikirləri ilə davam edən 23 illik nağılının şahidiyik. Zəif hesab etdikləri Elçibəy Rusiyaya meydan oxuyaraq ordusunu çıxartdı. Qarabağ savaşında ilk qələbələr qazandı. Elçibəyin mövcudluğu böyük gücləri o qədər narahat edirdi ki, prezident Yeltsin ultimatum verirdi ki, dayanmasaz, ordunu yeridəcəyik, Primakov car çəkirdi ki, “Elçibəy getməsə, nəinki Qafqaz, hətta Orta Asiyanı itirəcəyik!”. Elçibəy yalnız və yalnız öz xalqına, millətinə yumşaq idi, düşmənlərə qarşı amansız və barışmaz idi”.
Ülvü Həkimoğlu daha sonra qeyd edir ki, bu cür kölə və yerliçilik təfəkkürü ilə proseslərə yanaşan yaramazlar Elçibəyi hansısa klana işləməkdə və yerliçilikdə ittiham edirdilər! Maraqlısı isə odur ki, "məlum region" dedikləri qüvvələr də Elçibəyi hakimiyyətdə təmsil olunmadıqları üçün ittiham edirdilər. Və sonda bunu edənlərin demək olar ki, hamısının hansı ciblərdən çıxdığı bəlli oldu.
Elçibəyə qərəzli yanaşanların hamısını demək olar ki, tanıyıram. Bir hissəsi SSRİ-i "KQB" və "QRU" məktəbinin yetirmələri, digərləri yerliçilik xəstəliyinə tutulan kənd millətçiləri, başqaları da türk millətinə qənım kəsilmiş dini istismar edən süvənlər və etnik millətçilər. Bu heç kim, heç nələrin nə paklıqla, nə də haqq və ədalətlə əlaqəsi yoxdur. Hamısı bir bezin qırağı olan icazəli qəhramanlardır. Elçibəyin çox gözəl kəlamı var: insan özü o qədər təmiz-pak olmalıdır ki, doğruçu olsun. Özü doğruçu olarsa, haqqı görə bilər. Haqqı görürsə, haqqı qorumalıdır!”.
Cavad