21 May 2016 19:52
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nə qədər ki, Rusiya Ukraynadan, Krımdan, Donetskdən və Donbasdan əlini çəkməyəcək, dünyada neftin ucuzlaşması prosesi davam edəcək. Yəni, bütün dünya da yaxşı bilir ki, Rusiya keçmiş SSRİ-ni bərpa etməyə çalışır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri bu gün Qafqaz Universiteti tərəfindən Qubada “İqtisadi böhran konteksində ixracın stimullaşdırılması” mövzusunda keçirilən 5-ci Qafqaz İqtisadi Forumunda çıxışı zamanı Azərbaycanın baş nazirinin sabiq birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

V.Əhmədov deyib ki, indi Rusiyanın əsas məqsədi keçmiş SSRİ-ni bərpa etməkdir. Onun sözlərinə görə, Rusiya bu istiqamətdə çox ciddi mübarizə aparır:

“Bunu gizlətmək lazım deyil. Doğrudur, Rusiya bizim qonşu dövlət, strateji müttəfiqimizdir və onunla əməkdaşlıq edirik. Ancaq Azərbaycan müstəqil dövlətdir. Biz 1991-ci ilin 18 oktyabrında müstəqil dövlət qurmuşuq, müstəqilliyə səs vermişik. Bizim ilk müstəqilliyimizi tanıyan dövlət Türkiyə olub. Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan minlərlə insanımız bu gün Şəhidlər Xiyabanında yatır. Onlar bizim müstəqilliyimiz uğrunda mübarizə aparıblar. Ona görə də bu gün nə Azərbaycan xalqı, nə də Azərbaycan Prezidenti cənab İlham Əliyev əsla razı olmaz ki, dövlət müstəqilliyimiz itirilsin. Bu gün biz nə üçün İlham Əliyevi müdafiə edirik? Mən sizə açığını deyirəm. Biz İlham Əliyevi ona görə müdafiə edirik ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması üçün o, əlindən gələni edir. Əgər sabah kimsə Azərbaycanın müstəqilliyinə xələl gətirmək istəsə, dövlət müstəqilliyimizin əleyhinə olan hər hansı bir addım atsa, əlbəttə ki, biz onunla ölənədək qəti mübarizə aparacağıq. Yəni, Azərbaycanın müstəqilliyi daimi və əbədi olmalıdır. Bu bizim üçün böyük töhfədir. Əgər biz 1918-ci ildə cəmi 23 ay müstəqil ola bildiksə, bu gün artıq Azərbaycan 25 ildir ki, müstəqil dövlətdir. Mən bilirəm ki, bu yol çox çətindir, ağırdır. Bizim yaşlı insanların düşüncələrində hələ də SSRİ simptomları qalır. Onlar deyirlər ki, SSRİ vaxtı indikindən daha yaxşı idi və s. Ancaq indi müstəqil Azərbaycanın bayrağı xaricdə dalğalananda, bununla bütün cavanlar fəxr edir. Mən çox razıyam ki, indiki cavanlar Azərbaycanın müstəqilliyinin qədrini bizdən də yaxşı bilirlər və müdafiə edirlər”.

V.Əhmədov cəbhə xəttində baş vermiş hərbi əməliyyatlara da münasibət bildirib:

“Bu il aprelin əvvəllərində cəbhə xəttində baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan gəncləri Qarabağın azad olunması üçün daha çox fəallıq göstərirlər və Ali Baş Komandan cənab İlham Əliyevi müdafiə edirlər. Mən bütün bunları ona görə deyirəm ki, bu gün bizə qarşı xaricdən təzyiqlər çoxdur. Rusiya bizə çox təzyiq edir. İstəyir ki, bizi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Gömrük və Avrasiya ittifaqlarına daxil etsin. Əgər Azərbaycan bu təşkilatlardan hər hansı birinə üzv olsa, biz dövlət müstəqilliyimizi itirəcəyik. Çox vaxtı deyirlər ki, Əbülfəz Elçibəy siyasətçi olamayıb və s. Mən 1992-ci ildə Əbülfəz Elçibəylə bir yerdə işləmişəm. Rəhmətlik Əbülfəz Elçibəyin Azərbaycan tarixində ən unudulmaz və böyük zəhməti rus qoşunlarını Azərbaycandan çıxartması olub. Bunu hər dövlət başçısı bacara bilməzdi. O vaxtı mən baş nazirin birinci müavini işləyirdim, biz çox əziyyətlər çəkdik. O dövrdə Azərbaycanda nə qədər təxribatlar tödətdilər ki, rus qoşunları buradan çıxarılmasın. Ancaq rəhmətlik Əbülfəz Elçibəy sonadək mübarizə apardı və bir nəfər rus əsgərini Azərbaycanda qoymadı. Baxmayaraq ki, o dövrdə bizim imkanımız çox zəif idi, bizə silah-sursat verən yox idi. Ancaq buna baxmayaraq, biz dövlətin müstəqilliyini qoruyub saxlaya bildik. Bu gün də həmin Azərbaycan 25 ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstərir”.

Deputat həmçinin qeyd edib ki, Azərbaycanın çətinliyi müvəqqətidir: “İnanıram ki, 30-40 ildən sonra Azərbaycanda heç bir problem qalmayacaq. Bizim millət işləyən millətdir. Mən hər zaman nazirlərə və digər vəzifəli məmurlara deyirəm ki, bu millətə sadəcə toxunmayın, qoyun özləri özlərini dolandırsın, hər şeyi dartıb Azərbaycana gətirəcək və ölkədə də bolluq olacaq. Problem də olan deyil”.


Yusif Ağayev, Quba


Müəllif:

Oxşar xəbərlər