Mayın 24-də Seul şəhərində yerləşən Milenium Hilton mehmanxanasında Azərbaycanın səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Koreya hökuməti adından fəxri qonaq kimi, Koreya Respublikası Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini Kim Hyoung-zhin iştirak edib.
Rəsmi qəbulda həmçinin, Koreyanın hökumət və dövlət rəsmiləri, Parlament nümayəndələri, aparıcı Koreya şirkətlərinin nümayəndələri, universitet və beyin mərkəzlərinin təmsilçiləri, Koreyada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və nümayəndələri, nüfuzlu ictimai-siyasi xadimlər, mətbuat nümayəndələri, Koreyada təhsil alan Azərbaycanlı tələbələr və diaspora nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov 28 May-Respublika Gününün önəm və əhəmiyyəti barədə danışaraq, tədbir iştirakçılarını Azərbaycan Demokratik Respublikasının tarixi və həmin dövrdə əldə olunmuş nailiyyətlər barədə məlumatlandırıb.
Səfir həmçinin, müasir Azərbaycan dövlətinin Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında siyasi və iqtisadi sahələrdə əldə etdiyi uğurlu inkişaf yolu barədə danışıb.
Səfir Azərbaycanla Koreya arasındakı iqtisadi, mədəni, siyasi və digər sahələrdə münasibətlərdən söz açmış, nəqliyyat, informasiya və telekommunikasiya, alternativ enerji, ətraf mühit və tikinti sektorlarında mövcud olan fəal əməkdaşlıq haqqında məlumat verib.
R.Teymurov ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqamətində Azərbaycanın sənaye, əczaçılıq, kənd təsərrüfatı, informasiya texnologiyaları, kimya sənayesi və turizm kimi sektorlarına Koreya sərmayələrinin cəlb edilməsinin önəminə diqqət çəkib.
R.Teymurov iki ölkə arasında siyasi və iqtisadi dialoqun genişləndirilməsi çərçivəsində hər iki ölkə rəhbərliyi və digər səviyyələrdə baş tutmuş qarşılıqlı səfərlərinin verdiyi töhfəni qeyd edib.
Səfir sonda Azərbaycanla Koreya arasında dostluq münasibətlərinə əsaslanan əməkdaşlığın bütün sahələr üzrə daha da inkişaf etdiriləcəyinə inamını ifadə edib.
Rəsmi qəbulda çıxış etmiş Xarici İşlər nazirinin müavini Kim Hyoung-zhin Azərbaycan xalqını Koreya hökuməti adından RespubKim Hyoung-zhinlika Günü münasibətilə təbrik edib.
Nazir müavini Azərbaycanı təkcə Asiya və Avropa ölkələri arasında körpü və Xəzər regionunun logistik mərkəzi kimi deyil, həm də öz sürətli iqtisadi inkişafa malik və islahat yönümlü rəhbərlik altında regionun sənaye gücü olma istiqamətində inamla irəliləyən ölkə kimi təqdim edib. O, həmçinin Azərbaycanı qısa müddət ərzində əldə etdiyi iqtisadi inkişafı "Bakı möcüzəsi" adlandırıb.
Kim Hyoung-zhin daha sonra Koreya və Azərbaycan arasında mövcud münasibətlər haqqında danışıb. Nazir müavini iqtisadi, mədəni, təhsil, tikinti və sair sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri üçün potensialın olduğunu qeyd edib, Azərbaycanın zəngin enerji resursları ilə Koreyanın insan resursları və qabaqcıl texnologiyasının birlikdə ikitərəfli münasibətlərin inkişafına təkan verə biləcəyini bildirib.
Kim Hyoung-zhin İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın növbəti ayda keçiriləcək görüşünün ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyini ifadə edib, Koreyanın Azərbaycan üçün optimal tərəfdaş olacağına əminliyini dilə gətirib.
Koreya Milli Assambleyasının üzvü, xanım Park In-sook Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Səxavət