“Bu gün rus qoşunlarının Azərbaycandan çıxarıldığı gündür. 1993-cü ildə onlar işğal altında olan torpaqlar xaric Azərbaycan ərazisini tərk ediblər. Onun üçün də bu gün gözəl gündür və Azərbaycanın yeni tarixinin şanlı səhifəsidir. Bu şanlı səhifə isə ölməz liderimiz Əbülfəz Elçibəyin adı ilə bağlıdır. Məhz onun prezidentliyi dövründə bu tarixi şans reallığa çevrilib”.
Bunu alternativ AXCP-nin sədri Razi Nurullayev bildirib.
R.Nurullayev əlavə edib ki, xarici ölkə qoşunlarının bir ölkənin ərazisində olması faciə deyil: “Bu gün Amerika qoşunları Avropa Birliyi daxil olmaqla Yaponiyaya qədər olan ərazilərdə mövcuddur. Lakin əfsuslar olsun ki, rus qoşunlarının olma faktı müstəqillik və suverenliyinin təhlükə altına alınmasına səbəb olur.
Bu tarix bizə həm də ona görə əzizdir ki, biz Əbülfəz Elçibəyin lideri olduğu bir partiyanın sükanında dayanmışıq. O, 10 aylıq hakimiyyəti dövründə böyük işlər gördü, rus qoşunlarını çıxarmaqla bərabər milli ordumuz yaratdı. Milli manat buraxıldı və ilk dəfə test üsulu ilə sınaq imtahanı işə düşdü.
Bu gün AXCP yenilənib. Yenilənməkdə davam edəcək və Əbülfəz Elçibəyn böyük arzularının həyata keçirilməsini təşkil edəcəkdir”.
Bəkir