Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XV turuna yekun vurulacaq.
Teleqraf.com-un məlumatına görə, qarşılaşmaların hər ikisi Bakıda keçiriləcək. "Zirə" öz meydanında AZAL-ı sınağa çəkəcək. Aktivində 8 xal olan AZAL sonuncu pillədən xilas olmaq üçün qələbə qazanmalıdır. Meydan sahibləri isə qələbə sayəsində xal ehtiyatını 18-ə çatdıracaq və "Sumqayıt"la 4 və 5-ci pillələri bölüşəcək.
Komandalar ölkə çempionatlarında bu günə kimi 6 oyun keçirib. Görüşlərdən 3-ü "Zirə"nin, 1-i isə AZAL-ın xeyrinə başa çatıb.
İki oyunda isə qalib müəyyənləşməyib. Son 4 qarşılaşmada hər iki komanda qol vurub. “Zirə” öz meydanında xal itirməyib. AZAL isə son 4 matçda qalib gəlməyib.
Turun və günün son oyunu isə "Azərsun Arena"da keçiriləcək. "Qarabağ" cari mövsümdə uğursuzluq zolağına düşən "Neftçi"ni qəbul edəcək. Hazırda "Qəbələ" ilə eyni - 32 xala malik "Qarabağ" qələbə sayəsində yenidən liderliyə yüksələcək.
"Neftçi" isə səfər qələbəsi ilə xalını 12-yə çatdıracaq ki, bu da Bakı təmsilçisini "Kəpəz"ə bir az yaxınlaşdıracaq. Komandalar ölkə çempionatları tarixində bu günə qədər 66 oyun keçirib. 24 oyunda "Qarabağ" qazanıbsa, "Neftçi" 18 dəfə meydanı 3 xalla tərk edib. 24 oyun isə bərabərliklə başa çatıb. “Qarabağ” son 4 görüşdə xal itirməyib. “Neftçi” son iki səfərdə qola da həsrət qalıb. Bakılılar son 7 səfər matçında qələbə qazana bilməyib.
Azərbaycan Premyer Liqası, XV tur
29 yanvar
15:00. "Zirə" - AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Murad Məmmədov
Zirə İdman Kompleksinin stadionu
29 yanvar
17:30. "Qarabağ" – "Neftçi"
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Xaqani Məmmədov
"Azərsun Arena"
Qeyd edək ki, turun açılış oyununda "Qəbələ" və "Sumqayıt" arasında 1:1 hesabı qeydə alınıb. "İnter" isə "Kəpəz"i 4:1 hesabı ilə məğlub edib.