Bu gün Çempionlar Liqasının “play-off” mərhələsinin ilk matçlarına start veriləcək. Azərbaycanın futbol klubu ilk dəfə bu raundda təmsil olunacaq.
Teleqraf.com xəbər verir ki, ardıcıl olaraq 4 dəfə ölkə çempionu olan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək uğrunda mübarizədə “Kopenhagen” komandası ilə görüşəcək. Danimarka təmsilçiləri ilə ilk matç bu gün Bakıda baş tutacaq.
Futbol mütəxəssisləri və tanınmış futbol həvəskarlarının bugünkü görüşlə bağlı proqnozlarını təqdim edirik:
Azərbaycan milli futbol komandasının baş məşqçisinin köməkçisi Mahmud Qurbanov:
Həm meydan və azarkeş amili, həm də “Qarabağ”a inam böyük olduğuna görə düşünürəm ki, bugünkü oyun uğurlu hesabla bitəcək. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşəcəyinə inanıram. Düzdür, asan oyun olmur. Amma məncə, Qarabağ bu çətin və ağır oyunun öhdəsindən gələcək və azarkeşlərini, ictimaiyyəti öz oyun taktikası ilə sevindirəcək.
Düşünürəm ki, hər şey “Qarabağ”ın əlindədir. Şərtlər bərabərdir. Düzdür, rəqibin oyununu görməmişəm. Danimarka klubları həmişə standart vəziyyətlərdə “atletik” futbola üstünlük verən komandalar olub. Rəqib haqqında hər halda “Qarabağ”ın məlumatı var. Bizi Qarabağın qələbəsi maraqlandırır.
Keçmiş futbolçu Arif Əsədov:
Bugünkü görüş Azərbaycan futbolu üçün tarixi bir hadisə ola bilər. İlk dəfədir ki, komandamız çempionlar liqasının “play-off”-undadır. Gərgin oyun olacaq. Rəqib də çox güclüdür. Ümumiyyətlə, Çempionlar Liqasında zəif rəqib olmur. Ona görə komandamızdan ilk oyunda ancaq uğurlu nəticə gözləyirəm. Bu, nə ola bilər? Qol buraxmamaq şərtilə, ən azı bir top vurmaq. Hesabı təxmini “2-1” – “Qarabağ”ın xeyrinə gözləyirəm.
ARB TV-nin müəllif-redaktoru Nazim Xəliloğlu:
Bu gün futbolumuz üçün tarixi bir gündür. Oyuna hazırlaşıram. İnana bilmirəm ki, uşaqlıqda ekrandan izləyib dinlədiyimiz Çempionlar Liqası himnini bu gün canlı eşidəcəyəm, özü də Tofiq Bəhramov stadionunda. Rəqibimiz daha təcrübəlidir. Hesabda 3-0 öndə olsaq belə, arxayınlaşmaq olmaz. Danimarkada isə daha çətin olacaq. Ona görə evdə yaranmış vəziyyətlərdən maksimum istifadə edib səfər üçün işimizi rahatlaşdırmalıyıq. Proqnoza gəlincə, ürəyimə “2-1” hesabı gəlir. Düzdür, futbol poqnozları səhv çıxartdığına görə sevilən oyundur.
Amma yenə də elə bilirəm ki, “Kopenhagen” hesabı açacaq, daha sonra “Qarabağ” 2 top vurub qalib gələcək. Hesab nə olursa-olsun, səs tellərimiz tutulana kimi "Qarabağ" qışqırmalıyıq... Çünki bu, Çempionlar Liqasıdır və oyun Bakıdadır. Yuxu kimi görünür, amma reallıqdır.
Telejurnalist Vüqar Vüqarlı:
Mən bu oyunu 35 il gözləmişəm. Düşünürəm ki, çox çətin olacaq, amma ən azından azarkeşlərin fantastik dəstəyi komandamıza təkan verəcək, biz qalib gələcəyik. Axı boş yerə demirlər ki, azarkeş klubun 12-ci oyunçusudur. Hesabla bağlı proqnozum budur: 2:1 - "Qarabağ" udacaq.
Əməkdar artist Bəhram Bağırzadə:
Bilet tapa bilməyən bütün Azərbaycan vətəndaşlarını televizor qarşısına dəvət edirəm. Kim bilet ala bilməyibsə, evində, çayxanalarda, kafelərdə bu oyunu izləsin və “Qarabağ”ı dəstəkləsin.
Əllərində mütləq bayraqlarla gəlsinlər, azarkeşlik etsinlər. 30 min tamaşaçıdan heç olmazsa 2 nəfərdən biri əlinə bayraq götürsə, bütün Avropa, bütün dünya görəcək ki, Azərbaycan xalqı irəlidə, bayrağımız həmişə yüksəkdədir və Azərbaycan bayrağı qələbə bayrağıdır.
Bir həftə əvvəl Ramil Quliyev dünya çempionu oldu və Londonda bayrağımızı yüksəkliklərə qaldırıb dalğalandırdı, bizi qürurlandırdı. Bu gün də inşallah Bakı vaxtilə saat 21:45-də həmin qürur hissini bir daha yaşayarıq. Ağıllı oyun gözləyirəm.
Tanınmış futbol mütəxəssisi Şahin Diniyev:
Ümumiyyətlə, bu oyundan pozitiv nəticə gözləyirəm. Mənə elə gəlir ki, “Qarabağ” bu gün “Kopenhagen”i keçməyə hazırdır. Bu gün “Qarabağ”da o güc var. Ən əsası istək böyükdür. Qələbə Azərbaycana qismət olacaq.
Burda heç-heçə oynasaq belə, “Qarabağ” səfərdə rəqibi keçmək gücündədir. Proqnoz verməyi sevmirəm. Amma son 2 oyunun nəticəsinə görə “Qarabağ” ən azı heç-heçə ilə oyunu başa vuracaq və qalib olacaq.
“Qarabağ” təkcə bir oyunçudan asılı olmayan komandadır. Hər bir futbolçu özünə görə güclüdür. “Qarabağ” kollektiv halında güclüdür, individual olaraq yox. Ona görə də komanda olaraq “Qarabağ”a ancaq qələbə yaraşır.
Futbol jurnalisti Vüsal Mahmudov:
Hesab demək üçün, çox çətin oyundur. Yaxşı nəticə gözləyirik. “Qarabağ”ın buna imkanı var. Rəqib çox güclüdür. Amma düzünü deyim, 1-2 top fərqi ilə qələbəyə ümid edirəm.
“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli:
Çox ağır oyundur, rəqib yetərincə güclüdür. Əksər oyunçular seçmə futbolçulardır. Hətta aralarında son Avropa çempionatının final mərhələsində oynayanlar da var.
Bununla belə, “Qarabağ”ın gücünə inanıram və “2-1” hesabı ilə qalib gəlməyi bacaracağını düşünürəm. Amma evdə 2-1-dənsə, “1-0” hesabını görmək yaxşı olardı. Yəni qol buraxmadan qələbə...
Bu, tarixi oyundur. Çempionlar Liqasının qrup mərhələsinə düşmək hər bir ölkənin azarkeşlərinin arzusudur. Bütün oyunçulara güvənirəm, amma Dino Ndlov və Mahir Mədətova xüsusilə arxayınam.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüşü italiyalı hakimlər briqadası idarə edəcək.
“Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu isə avqustun 23-də keçiriləcək. Görüşün qalibi Çempionlar Liqası, məğlub komanda isə Avropa Liqasının qrupunda oynayacaq.