23 Avqust 2017 16:12
2 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kopenhagen” sıradan bir komanda deyil. Ötən mərhələdə də biz bunu gördük. “Vardar”a “1-0” hesabı ilə uduzmuşdular, amma evdə “4-1” hesabı ilə qalib gəldilər. Bu üzdən düşünürəm ki, axşam çox çətin oyun olacaq. 38 min azarkeşin qarşısında bu qədər peşəkar komanda ilə yarışmaq asan ola da bilməz.

Bu sözləri Teleqraf.com-a FİFA-nın meneceri Vaqif Heydərli deyib. O bu oyunun Azərbaycan futbolunda tarix yaza biləcəyini bildirib:

“Bu gün mən Azərbaycanda olsam da, Kopenhagendəymişəm kimi hiss edirəm özümü. Getmək istəyirdim, sadəcə, transfer dönəmlərinin sonudur deyə, gedə bilmədim. Amma ürəyimiz ordadır. Bu mənim azarkeş yanaşmam… Qaldı ki, professional gözləntilərimə, bu oyun ölkənin imicinin adına çox şey vəd edir. Həm maddi, həm mənəvi, həm tarixi bir uğurdan söhbət gedir. Azərbaycan futbolunun tanınması istiqamətində böyük bir addım atılmış olacaq. “Kopenhagen” uzun illərin təcrübəsi olan komandadır. 14-15 dəfə ÇL-in qrup mərhələsinə düşüblər. Keçən il ÇL-in qrup mərhələsindən sonra hansı və nə qədər keyfiyyətli oyunçuları transfer elədilər, bunu hamı bilir. Avropanın ən tanınmış klublarından biridir. Buna baxmayaraq, günümüzün futbolunda hər şey mümkündür. Ona görə də “Qarabağ”a inanırıq. Dualarımız “Qarabağ”ladır. İnanırıq ki, bu axşam bu oyunun sonunda sevinən tərəf azərbaycanlılar olacaq.

İdman şərhçisi Ceyhun Rzayev də bu gün "Qarabağ"ın lazımlı nəticəni qazanacağına inandığını deyib:

“Qurban Qurbanov ilk matçda rəqibi yaxşı təhlil etmişdi, onlara göz açmağa imkan vermədik. Bütün Azərbaycan intizarla 22:45-i gözləyir. Önümüzdə tarixi şans var - İlk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilərik. Ümidvaram ki, bunu bacaracağıq. Uğurlu nəticə qazansaq, yaşanacaqları təsəvvür edə bilmirəm. İnsanlar küçələrə axışaraq, tarixi zəfəri qeyd edəcəklər.

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli qələbəni real görmür:

“Qarabağ” üçün çətin, çox çətin oyun olacaq. Əslində, başqa cür də ola bilməz. Ortada həm nüfuz, həm də pul amili var. ÇL-in qrupuna düşmək qitə futbol ailəsinin elitasına daxil olmaq və yetərincə böyük para qazanmaq deməkdir. Mənə elə gəlir ki, “Qarabağ” qələbə qazanmasa da, mərhələ keçəcək. Hesab variantım – 1:2.

“CBC Sport”un idman şərhçisi Gündüz Abbaszadə bugünkü oyunla bağlı nəsə deməyin çətinliyindən gileylənib:

“Qarabağ” ən azı keçən dəfəki kimi oynasa, böyük bir nəticə əldə edə bilər. Çox çətin oyun olacaq. Azakeş baxımından anşlaq olacağına əminəm. Əgər “Qarabağ” oyun başlayandan 10-15 dəqiqə ərzində rəqibi qarşısında tab gətirə bilsə və erkən qola imza atsa, möhtəşəm olacaq. Mən inanıram ki, “Qarabağ” bunu edə bilər. Hesabı təxmini demək belə çətindir. Həm “Qarabağ” özü də bunu yaxşı anlayır ki, qalibiyyət ona nələr verə bilər. Məsələn, 2 illik maddi baza təmin oluna bilər. Bu baxımdan “Qarabağ” gələcəkdə bu sərmayə ilə daha çox inkişaf etmiş və güclü oyunçulardan ibarət komanda yığa bilər. Hamımız qalibiyyət gözləyirik.

İdman jurnalisti Elmar Abdullazadə nəinki “Qarabağ”ın bu mərhələni keçəcəyinə, hətta uduzmayacağına inanır:

Sadəcə, komandamız səbrlə müdafiə olunmalıdır. Futbolun əsas üstünlüyü standart vəziyyət və baş zərbələrdir. Danimarkalılar ilk görüşdə əsas bundan yararlana bildilər. “Kopenhagen”də əsas bir oyunçu var. Federiko Santander. Onu da gözdən qoymaq olmaz. Bundan üstünlük kimi də yararlana bilərlər. Necə ki, ilk oyunda əks hücuma çıxanda rəqib “Qarabağ”ın qapısı qarşısında dururdu. “Qarabağ” da elə rəqibini əks hücumda yaxaladı və qolu da elə belə bir vəziyyətdə vurdu. “Qarabağ” isə standart vəziyyətlərdə rəqib qapısının qarşısına yığışmır. Arxada daimi 4 oyunçu olur. Mənə elə gəlir ki, bu oyunda da belə edəcəklər. Yəni ehtiyatı əldən verməyəcəklər. Danimarka, Polşa, Belçika, ümumiyyətlə ikinci eşalon ölkələrlə “Qarabağ”ın oyunu alınır. Çünki onların oyunçuları digər ölkələrə nisbətən öz qapılarına qapanmırlar. Bir nömrə kimi oynadıqlarına görə, daha çox hücuma atılırlar. Belə halda bu, “Qarabağ” üçün əlverişli olacaq. Çünki qapının qarşısında boşluqlar tapacaq. İlk dəqiqələrdən Danimarkalılar hücuma keçsə, əslində, “Qarabağ” üçün güclü şans yaranacaq. Bu şanslardan istifadə etmək lazımdır.

Minimal hesablı qələbə də ola bilər, heç-heçə də. “Qarabağ”ın xeyrinə “1-0” hesabını gözləyirəm.

Qaldı ki, bu oyundan gələcək maddi bazaya, onu deyə bilərəm ki, Azərbaycanda bütün futbol klubları “rasxod”a işləyir. Yəni gəlir götürən yoxdur. Yeganə “Qarabağ”dır ki, avroliqada qoyduğu xərci çıxara bilir. Uzaqbaşı 1 milyon qazancı olar, ya yox. Bu qarşıdakı 1-2 ildə büdcəni təmin etmək üçün çox böyük şansdır. Ona görə də qələbədən başqa bir şey düşünmək lazım da deyil.

“Komanda” qəzetinin redaktoru Natiq Muxtarlı rəqibdən açıq futbol gözlədiyinə görə, onların uduzacağını deyir:

Avropa heç vaxt Azərbaycan futboluna maraq göstərməyib. Amma Qarabağın Çempionlar Liqasının qrup mərhələsində olması bu marağı formalaşdıracaq. Üstəlik biz Azərbaycan çempionatlarına nisbətən səviyyəli legionerləri gətirməkdə çətinlik çəkirdik. Bu mənada ÇL-in qrup mərhələsində oynamağımız müsbət tendensiya yaradacaq. Nəticədə “Qarabağ”, “Qəbələ” kimi klublara hansısa futbolçunu transfer edəndə klubun işi xeyli yüngülləşəcək. Bu qalibiyyət nəinki “Qarabağ”ın rəhbərliyi, hətta ən sıravi azərbaycanlı azarkeşlər üçün də çox vacibdir. Qaldı ki oyuna, mənə elə gəlir ki, “Qarabağ”ın işi Bakıdakı oyuna nisbətən asan olacaq. Çünki rəqib Bakıda həddindən artıq qapalı oyun keçirdi. Lakin öz evində bir qədər açıq futbol oynamalıdır. Düşünürəm ki, oyunun 20-25 dəqiqəsi bir qədər çətin olacaq. Rəqib ilk dəqiqələrdən güclü təzyiq edəcək. Bu təzyiqin qarşısını alandan sonra “Qarabağ” öz oyununu oynasa, qalib gələcək. Azərbaycan Çempionlar Liqasının qrup mərhələsində təmsil olunacaq. Nəzərdən qaçırmayaq ki, bu dəfə bu, baş verməsə, biz bir neçə il ÇL-in qrup mərhələsində təmsil olunmayacağıq. Qarabağın səfərdə qol vuracağını gözləyirəm və güman edirəm ki, oyun “1-1” hesabı ilə bitəcək. Bildiyiniz kimi, səfərdə qol vurmaq çox vacibdir. Çünki rəqib bir qola 2 qolla cavab verməlidir ki, qalib gəlsin. Mənə elə gəlir ki, Qarabağ bircə qol vursa belə, onların motivasiyası öləcək və ruhdan düşəcəklər.


Müəllif: Könül

Oxşar xəbərlər