Azərbaycan ikinci dəfə Avropa Liqasının pley-off mərhələsində iki klubla təmsil olunacaq. Səfərdə "Çixura"nı (Gürcüstan) 3:2 hesabıyla məğlub edən "Neftçi" "Qarabağ"ın ardından "pley-off"da oynamaq hüququ əldə edib.
Qeyd edək ki, ilk dəfə 2009/2010 mövsümündə ölkəmiz "pley-off"da iki komanda ilə təmsil olunmuşdu. Həmin vaxt "Bakı" və "Qarabağ" klubları "pley-off" mərhələsində ölkəmizi təmsil etmişdi.
"Neftçi"nin futbolçusu Elvin Yunuszadə Gürcüstandakı oyunla bağlı Teleqraf.com-a açıqlama verib. Müdafiəçi rəqibin aqressiv olduğunu deyib:
““Çixura” futbolçuları öz meydanlarında daha aqressiv çıxış edirdilər. Burada oynamaq təkcə bizə yox, Avropanın digər klublarına da çətindir. Amma biz qələbəyə inanırdıq. Həmçinin əmin idik ki, ölkəmizdə hamı bizim uğur qazanacağımıza inanır.
“Çixura”nı ilk növbədə birinci hissədəki inamlı oyunumuzun sayəsində məğlub edə bildik. Bundan əlavə ələ düşən qol fürsətlərindən maksimum yararlandıq. Xalqımızı sevindirdiyimiz üçün çox şadam.
Ümid edirəm ki, "Qarabağ" da, biz də növbəti mərhələyə adlaya biləcəyik. “Pley-off” mərhələsinin püşkündən zəif rəqib gözləmək olmaz. Amma yenə qələbəyə ümidliyəm”.