"Azərbaycan millisi olduqca yaxşı komandadır. Xüsusilə, braziliyalı Riçard Almeydanı qeyd edərdim. Azərbaycanın oyun dəst-xəttini məhz həmin futbolçu müəyyənləşdirir. Sabah hər iki komanda qalib gələ bilər. Ancaq qeyd etməliyəm ki, Azərbaycan çox ciddi rəqibdir".
Teleqraf.com xəbər verir ki, bunu UEFA Millətlər Liqasının II turunda Azərbaycan millisi ilə oyundan əvvəl təşkil edilən mətbuat konfransında Malta yığmasının baş məşqçisi Rey Farruciya deyib.
Mütəxəssis bildirib ki, səfərdə keçirdikləri ilk matçda Farer adalarına 1:3 hesabı ilə uduzduqları üçün çox üzgündürlər:
“İndi bu oyunu unutmalıyıq, gələcəyə baxmalıyıq. Bütün fikirlərimiz Azərbaycanla qarşılaşmaya yönəlib. Azərbaycan güclü rəqibdir, lakin biz uğurlu nəticə qazanmağa çalışacağıq. Azərbaycan Farer adaları yığmasından fərqli futbol oynayır. Bu görüşə yaxşı hazırlaşmışıq. İlk oyundakı səhvləri təkrar etməməliyik. Bunu bacarsaq, müsbət nəticə qazana bilərik", deyə Maltanın baş məşqçisi bildirib.
Sentyabrın 10-da Ta Qali stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.