“Bakılılar” UEFA Futzal Kubokuna uğurlu çıxışını davam etdirir
Böyük Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatının təsisçisi olduğu, İngiltərə çempionu "Baku United" klubu UEFA Futzal Kubokunun ilkin mərhələsində uğurlu çıxışını davam etdirir.
Teleqraf.com xəbər verir ki, "Baku United" turnirin ilkin mərhələsində "B" qrupunda Bosniyanın "Sarayevo", İsveçin "Malmö Siti" və Qibraltarın "Qibraltar Skorpionz" klubları ilə mübarizə aparır. Oyunlar Sarayevoda keçirilir.
Avqustun 27-də keçirilmiş illk oyunda "bakılıların" rəqibi Qibraltar təmsilçisi olub. Oyun tamamilə "Baku United"in üstünlüyü ilə keçib və komandamız rəqibinə heç bir şans verməyərək 10-0 hesablı darmadağına imza atıb.
İkinci oyunda isə "Baku United" İsveç çempionu "Malmö Siti" klubu ilə görüşüb. Diqqətəlayiq haldır ki, bu oyunda da komandamız 10-0 hesabı ilə inamlı qələbə qazanıb. "Baku United"in heyətində qolları Tobe (3), Aqon (2), Marcelo, Xose Karlos, Keni, Karlos Munyoz və Poulinyo keçirib.
Hazırda "B" qrupuna iki oyundan altı xal toplamış "Baku United" başçılıq edir. Lakin ikinci yeri tutan Bosniya çempionu "Sarayevo"nun da altı xalı var. Beləliklə, qrupdan əsas mərhələyə çıxmaq üçün yeganə vəsiqə uğrunda mübarizənin qalibi avqustun 30-da keçiriləcək "Sarayevo" - "Baku United" qarşılaşmasında müəyyənləşəcək. Top fərqini nəzərə alaraq, "Baku United"i bu oyunda heç-heçə də qane edəcək.
Mütəxəssislər hesab edirlər ki, bu qarşıdurma ilkin mərhələnin ən maraqlı və gərgin oyunu kimi yadda qalacaq.
Ayxan