Əslində gecə üzüntülü başlamışdı. Böyük ümidlər bəslənilən “Neftçi” öz meydanında “Partizan”a yenilincə hamının kefinə soğan doğrandı. Ancaq gecə elə gözəl bitdi ki, hər şey, hətta “Neftçi”nin məğlubiyyəti də bir anda unuduldu.
O sevinci futbolu sevən-sevməyən, azarkeş olan-olmayan hər kəsə məhz “Qarabağ” yaşatdı. Bir anda bütün Azərbaycan futbola indeksləndi. Sosial şəbəkələrin əsas mövzusu “Qarabağ”, onun qalib oyunçuları və təbii ki, baş məşqçisi Qurban Qurbanov oldu.
Əvvəlcə az da olsa “Neftçi”nin oyunu haqqında. Doğma divarlar arasında lazımi nəticəni qazanmış “Partizan”a səfərdə heç-heçə də sərf eləyirdi.
Qələbə isə hava-su kimi bizimkilərə lazım idi. Di gəl, sonda meydanı qonaqlar gülər üzlə tərk etdilər. Nə çatışmadı “ağ-qaralar”da qələbə qazanması üçün?
Birinci növbədə əzm, istək, ruh çatışmırdı.
Meydanda sanki qalib gəlmiş bir komanda var idi və elə bil, bərabərlik rəqibə yox, bizə sərf eləyirdi. Oyunçular da sanki bu vacib oyunun məsuliyyətini daşımaq istəmirdilər.
Düzgün taktika, heyət və oyunçu seçimi də qüsurlu idi.
Böyükağa Hacıyevin meydana buraxdığı ilk “on birlik” hamıda təəccüb yaratmışdı. Mərkəz müdafiəçisi, ötən oyunun həm qəhrəmanı, həm də antiqəhrəmanlarından biri Denis Silva sol cinahda, dayaq yarımmüdafiəçisi Kaue isə sağ cinah müdafiədə yer oynayırdı. Əvəzində Bruno Bertuççi ehtiyat qüvvə kimi saxlanmışdı.
Oyunun gedişi də göstərdi ki, “zəif”in bu eksperimenti indiki məqamda yersiz və uğursuz idi. Qapımıza vurulan ilk qolun məhz sağ cinahdan Kauenin boş qoyduğu mövqedən vurulması da təsadüfi sayılmamalıdır.
Oyuna kənardan məşqçi müdaxiləsi nəzərə çarpmadı.
Hər şeyin plana uyğun olmayan bir şəkildə getdiyi zaman gərəkdir ki, baş məşqçi kənardan əlində olan “material”dan maksimum yararlanaraq müdaxilə eləsin. Ancaq bu oyunda biz Böyükağa Hacıyevdən bunu görmədik. Doğrudur, baş məşqçi nəsə eləməyə çalışdı, ancaq onun bu müdaxilələri də elə meydana buraxdığı start heyəti kimi uğursuz oldu. Oyuna sonradan girən oyunçular - nə Bertuççi, nə Samir, nə də Kanales öz oyunu ilə nəyisə dəyişdirə bildi. Gecənin fiaskosu isə Bertuççi idi. Braziliyalı futbolçu “Neftçi”ni qalan dəqiqələrdə sanki bir nəfər azlıqda oynamağa məhkum eləmişdi.
Maraqlıdır ki, oyundan sonrakı mətbuat konfransında Böyükağa Hacıyev səhvini boynuna aldı və elədiyi dəyişiklikərin nə qədər uğursuz olduğunu etiraf elədi. Ancaq təəssüf ki, gec idi. “Neftçi” bir dəfə qazandığı uğuru bir də təkrarlaya bilmədi.
“Qarabağ” isə ona lazım olan nəticəyə yetişməklə vətəni, milləti sevincə qərq elədi. Oyun haqqında çox danışmağa ehtiyac yoxdur. Məşhur məsəl var: qalibi mühakimə etməzlər.
Əsas o idi ki, əvvəlcə 1-0 geriyə düşməsinə baxmayaraq, “köhlən atlar” toparlanaraq və özlərində güc taparaq hesabı bərabərləşdirə bildilər.
Daha sonra isə mühüm tapşırıq sərfəli hesabı qorumaq idi ki, bunun da öhdəsindən yaxşı gəldilər. Səfərdə vurulan qolun üstünlüyü ilə tarixində ilk dəfə adını UEFA Avropa Liqasının qrup mərhələsinə yazdırmağı bacaran “Qarabağ” bununla azərbaycanlı futbol azarkeşlərinə ikinci dəfə böyük sevinc yaşada bildilər. “Qarabağ” yeganə komandadır ki, onun bu uğuruna bütün klubların azarkeşləri sevinirlər.
Qarabağ boyda dərdimiz olsa da, “Qarabağ” kimi sevincimiz də var! Bir daha təbriklər və uğurlar.