1 Sentyabr 2014 13:18
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya oyunlarında 5 qızıl, 6 gümüş, 1 bürünc medal qazanan Azərbaycan millisi vətənə qayıdıb. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, komandamızı Heydər Əliyev Beynəlxalq Hava limanında Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəsmiləri və idman ictimaiyyəti qarşılayıb.


Qarşılanma mərasimindən sonra idmançılar mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Nanjinq-2014-də 29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı mübarizə aparıb. Yarışa 21 nəfərlə qatılan Azərbaycan millisi 9 idman növündə 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazanan 86 ölkə arasında 10-cu yeri tutub. Qazanılmış medalların sayına görə (12 medal) isə ölkəmiz 14-cü olub.

Xatırladaq ki, komandamızın heyətində İslambek Dudov (69 kq, yunan-Roma güləşi), Səid Quliyev (73 kq, taekvondo), Rüfət Hüseynov (49 kq, boks), Teymur Məmmədov (63 kq), İqbal Hacızadə (100 kq, hər ikisi sərbəst güləş) qızıl, Leyla Əliyeva (44 kq), Natiq Qurbanlı (55 kq, hər ikisi cüdo), Ceren Özbek (44 kq, taekvondoçu), Cabbar Nəcəfov (50 kq, yunan-Roma güləşi), Leyla Qurbanova (52 kq, sərbəst güləş), Boris Yotov (akademik avarçəkən) gümüş və Nazim Babayev (atletika) medal qazanıblar.

/APA/


Müəllif: