Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov azarkeşləri komandamıza dəstək olmağa çağırır.
Teleqraf.com AFFA-ya istinadən məlumat verir ki, bu gün Azərbaycan milli komandasının üzvləri R.Sadıqov və Vaqif Cavadovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Yığmamızın kapitanı deyib: "Yeni seçmə mərhələyə başlayırıq. Bolqarıstan yığması ilə oyun çox vacibdir. Final mərhələsinə çıxmaq üçün əsas rəqiblərimizdəndir. Bu səbəbdən də qalib gəlmək istəyirik. Kənardan mənim oyunum daha yaxşı görünür. Zəif oynadığımı deyirlərsə, deməli, elədir. Zədəni bəhanə gətirmək istəmirəm. Bolqarıstan yığmasının final mərhələsinə çıxmaq üçün imkanları var. Amma biz də bunu istəyirik. Ona görə də onlarla sonadək döyüşəcəyik. Hələlik görünən odur ki, bizdə motivasiya yaxşıdır. Biz məşqdə bir-birimizə güzəşt etmirik. Amma oyunda necə olacağını hesab göstərəcək. Azarkeşləri bizə dəstək olmağa çağırıram. Onların hər bir şüarı bizə təsir edir. Artıq rəqib klublar bizim azarkeşlərdən danışır. Bu da yaxşı haldır. Sonadək bizi dəstəkləsinlər".
Vaqif Cavadov qeyd edib: "Oyuna çox ciddi hazırlaşırıq. Seçmə mərhələyə necə başlasaq, həmin axarla da davam edəcəyimizlə bağlı ehtimal yüksəkdir. Bütün fikirlərimizi sabah keçiriləcək oyuna yönəltmişik. Heyətlə bağlı hər şey baş məşqçidən asılıdır. Kimin oynayıb-oynamayacağına o, qərar verir. Bolqarıstan yığmasının bizə yuxarıdan aşağı baxması komandamıza əlavə motivasiya verir. Rusiya və Türkiyə yığmalarına qarşı necə oynamışıqsa, yenə də elə çıxış edəcəyik. Biz Bolqarıstan mətbuatının yazdıqlarına fikir vermirik. Oyuna kimi də oxumayacağam".