"Minsk 2019" II Avropa Oyunlarında medal qazanacaq idmançıların alacağı mükafat bəlli olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yarışda iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə görüşdə məlumat verib.
O bildirib ki, yeni qərar qəbul olunmasa, bu Bakı 2015 I Avropa Oyunlarındakı mükafatla eyni olacaq.
2015-ci ildə Bakıda təşkil olunan I Avropa Oyunlarında I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), onun şəxsi məşqçisinə 75 min manat (Prezidentin sərəncamı ilə 50 min + MOK tərəfindən 25 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), onun şəxsi məşqçisinə 40 min manat (Prezidentin sərəncamı ilə 25 min + MOK tərəfindən 15 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), onun şəxsi məşqçisinə 25 min manat (Prezidentin sərəncamı ilə 15 min + MOK tərəfindən 10 min) pul mükafatı verilib.
Qeyd edək ki, II Avropa Oyunları iyunun 21 - 30-da keçiriləcək.